• Görkəmli siyasi xadim və sərkərdə Uzun Həsən

Uzun Həsənin soy kökü

Bayandur tayfasının başçısı Pəhləvan bəy XIII əsrin ortalarında tayfa birliyini yaratmağa çalışsa da, buna müvəffəq olmamışdır. Onun oğlu Tur Əli bəy ilk dəfə 1340-cı ildə Ağqoyunlu tayfa birliyini yaratmışdır. O, Azərbaycanı və ətraf əraziləri idarə edən monqol Cəlairi dövlətinə tabe olmaqdan imtina etmiş, oğlu Fəxrəddin Qutluq bəyi Trabzon imperatoru III Aleksiyin bacısı Mariya Komnin ilə evləndirmişdir. 1362-ci ildə atası vəfat edəndən sonra Fəxrəddin Qutluq bəy Trabzonla dostluq münasibətləri saxlamış, mərkəzi Bayburt olan dövlət aparatı təşkil etmiş, Cəlairilərə qarşı mübarizədə Əmir Teymurla ittifaq bağlamışdır. Atasının 1389-cu ildə vəfatından sonra Qara Yuluq Osman “bəy” titulunu qəbul etsə də, Qaraqoyunlu tayfa birliyi ilə toqquşmada məğlub olduğuna görə nüfuzu zəifləmiş, hakimiyyəti öz qardaşları ilə bölüşməyə məcbur olmuşdur. Əmir Teymurun ən yaxın müttəfiqi qismində onun bir çox yürüşlərində iştirak etmiş, Sivasın alınması və Ankara döyüşündə fəallığına görə ona Diyarbəkirin şəhəri və ətraf ərazilər verilmişdir. 1403-cü ildə yenidən Ağqoyunluların yeganə lideri olmuşdur. Qaraqoyunlularla mübarizədə məğlub olsa da hakimiyyəti və Diyarbəkri qoruyub saxlaya bilmişdir. 1430-cu ildə ərazilərini genişləndirmiş, 1435-ci ildə şirvanşah I Xəlilullahla ittifaq bağlamışdır. Qara Yuluq Osmanın 1435-ci ildə Qaraqoyunlularla döyüşdə həlak olmasından sonra, hakimiyyətə onun oğlu Əli bəy gəlmiş, Məmlük sultanlığı ilə ittifaq bağlamış, lakin 1438-ci ildə vəfat etmişdir. Hakimiyyətə gələn onun qardaşı Həmzə ibn Qara Osman ilk dəfə Ağqoyunlu pullarını zərb etməyə başlamış, Diyarbəkir və Mardini regionun ən qüdrətli qalalarına çevirmiş, qonşuları ilə sülh münasibətləri saxlamışdır. 1444-cü ildə Əli bəyin oğlu Cahangir Həmzəni hakimiyyətdən devirmiş və özünü bəy elan etmişdir. İqtisadi islahat keçirərək bəyliyi qüvvətləndirmiş, Qaraqoyunlularla yeni müharibəyə başlamış, lakin məğlub olaraq Diyarbəkir anlaşması imzalamış və Qaraqoyunlulardan asılı vəziyyətə düşmüşdür. Buna etiraz edən qardaşı Uzun Həsən tərəfindən 1453-cü ildə məğlub edilmiş və bəy titulunu itirmişdir. Uzun Həsən 1467-ci ildə Qaraqoyunlu dövlətini məğlubiyyətə uğratmış, Ağqoyunlu dövlətinin əsasını qoymuş, padşah titulunu qəbul etmişdir.

Uzun Həsənin şəxsiyyəti

Uzun Həsən (tam adı: Nüsrət əd-Din əbu Nəsr Həsən) 1424-cü ildə Diyarbəkirdə anadan olub. Atası Əli ibn Qara Yuluq Osman, anası Sara xatundur. Yaxşı ailə tərbiyəsi almış, gözəl əxlaqa sahib olmuşdur. Erkən yaşlarından döyüşlərdə iştirak etmiş, 11 yaşında Kemah şəhərinin hakimi, əmisi Yaqub bəyin yanında xidmətə başlamış, dövlət işlərinin aparılması ilə yaxından tanış olmuşdur. Cavan yaşlarında döyüşlərdə şəxsən iştirak etmiş, uca boyu sayəsində “Uzun Həsən” adı ilə tanınmışdır.

Bəy və dövlət başçısı olanda döyüşlərdə sərkərdə qismində iştirak etmiş, sərkərdəlik istedadı ilə şöhrət tapmışdır. Dövlət başçısı kimi sadə əhaliyə qarşı mülayim davranışına görə xalq arasında ona “Adil sultan”, yəni “Mərhəmətli hökmdar” deyilirdi. Şəxsi şücaəti, sərkərdəlik istedadı, dövlət işlərində müdrik fəaliyyətinə görə əmirlər arasında böyük nüfuz qazanmışdır. Ən ipə-sapa yatmaz əmirlər belə onun hüzurunda mənasız söz danışmaqdan çəkinərdilər.

Xarici səyyah və diplomatlar Uzun Həsəni açıq üzlü, uca boylu, türk çöhrəli yaraşıqlı bir şəxs kimi, əyləncə və içkiyə meyilli, çalğıçı və musiqiçilərin ifa etdikləri əsərlərə müdaxilə edə biləcək qədər musiqini sevən bir insan kimi qeyd edirlər. Diyarbəkir və Təbrizdə saraylarının olmasına baxmayaraq sadə həyat tərzi sürür, hətta sülh dövründə belə sarayda deyil, paytaxt yaxınlığındakı çadır şəhərciyində qurulmuş çadırda yaşayırdı. Ziyafətlər zamanı çox yeyib, içsə də, gündəlik həyatda, əsasən, bal və meyvələrlə qidalanırdı.

Oğuz elinə və onun Bayandur boyuna aid olmasına görə qürur duyurdu. Təkcə Quranı deyil, hədisləri də Azərbaycan dilinə tərcümə etdirmişdi. Dini kitabların doğma dilə tərcümə edilməsini, sadə xalq arasında yayılmasını savab iş hesab edirdi.

İslamı paklıq və təmizliyə aparan yol kimi qəbul edən Uzun Həsən hər cümə axşamı üləmaları toplayır və İmam əl-Buxarinin “əl-Cami üs-səhih” əsərindən hədislər oxutdururdu.

Uzun Həsənin daxili və xarici siyasəti

Uzun Həsən Ağqoyunlu dövlətini kiçik bəylikdən Kür çayından Fars körfəzinədək uzanan böyük imperiyaya çevirməyə nail olmuşdur. Bütün Cənubi Azərbaycan, Kür çayına qədər Şimali Azərbaycan, bütün İran, Ərəb və Əcəm İraqları onun dövlətinin tərkibinə daxil idi, Şirvanşahlar dövləti ondan asılılığı qəbul etmişdi. Uzun Həsən 1468-ci ildə Təbrizdə taxta çıxarkən II Mehmetə məktubunda yazırdı: “İndi bütün Azərbaycan, İraq, Fars, Kirman, Şiraz, İraq bizim hökmümüz altındadır”.

Uzun Həsən hakimiyyətə gələndə “bəy” titulunu daşımış, dövləti yaradanda “padşah” titulunu, böyük əraziləri zəbt edəndən sonra isə “sultan” titulunu qəbul etmişdir. O, dövlətin qoşunlarının ali baş komandanı sayılır, baş komandan vəzifəsini “əmir-əl-üməra” (əmirlər əmiri) icra edir, padşahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri “mövlana” (ağa) ləqəbini daşıyan “sədr-əzəm” tuturdu. O, ruhanilərə, vəqflərə, mədrəsə və dini müəssisələrə, onlardan vergi toplanılmasına və məhkəmə işlərinə başçılıq ediıdi. “Baş vəzir” daxili və xarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Ölkə vilayət, tümən və nahiyələrə bölünürdü.

Uzun Həsən mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi köçəri əyanların müqavimətini qırmağa və ölkənin iqtisadi inkişafını təmin etməyə çalışırdı. Uzun Həsən şəhərləri inkişaf etdirmək üçün böyük pul vəsaitləri ayırırdı. Onun dövründə Təbriz və Sultaniyyə Şərqin ən böyük ticarət mərkəzləri kimi fəaliyyət göstərirdi.

Dövlətin maliyyə-vergi sistemində atılan ən mühüm addım “Qanunnamə"nin verilməsi oldu. Məqsəd vergi sistemini qaydaya salmaq və bu sahədə məmurların və əyanların özbaşınalıqlarına son qoymaqdan ibarət idi. “Qanunnamə” ilə əhalidən alınan vergilərin əsas növləri dəqiqləşdirildi və onların həcmi azaldıldı. Monqollardan qalan və sənətkarlığın, ticarətin inkişafına əngəl olan tamğa vergisinin həcmi yarıya qədər azaldıldı, karvansaralardan alınan vergi dəqiqləşdirildi. Ölkədə 30 adda vergi toplanılırdı.

Uzaqgörən dövlət xadimi olan Uzun Həsən XV əsrdə dünyada baş verən prosesləri diqqətlə izləyir, onları nəzərə alaraq öz dövlətinin mənafeyini qoruyurdu. Şərqdən Qərbə gedən qlobal ticarət marşrutlarının dəyişməsi, Avropa dövlətlərinin dəniz ticarətini gücləndirərək okeanları çıxışları, Böyük Coğrafi kəşflər Ağqoyunlu dövlətinə toxunmaya bilməzdi. Qədim beynəlxalq ticarət yolu olan Böyük İpək yolu üzərində yerləşən, beynəlxalq ticarətdən böyük gəlir götürən Ağqoyunlu dövləti dəyişən dünyada öz yerini tutmağa çalışırdı.

XV əsrdə Azərbaycanın ipəkçilik təsərrüfatı beynəlxalq əhəmiyyət daşıyırdı. Şirvan ipəyi Avropa və Asiya ölkələrində böyük şöhrət qazanmışdı. Venesiya səfiri Kontarini qeyd edirdi ki, Avropa və Asiya ölkələrində Şirvan ipəyindən əla məxmər hazırlanır. Şamaxıda hazırlanan ipək Venesiyada “talaman ipəyi" adı ilə məşhur idi. Digır avropalı, Şiltberger Şirvan ipəyindən Dəməşqdə, Kaşanda, Bursada, Venesiyada və başqa şəhərlərdə yaxşı parçalar hazırlandığını, əla məxmər toxunduğunu qeyd edirdi. Gözəl ipək parçalar, güləbətin, pambıq, bez, qumaş par- çalar Aəzrbaycana əsas gəlir gətirən mallar idi. Buradan xam ipək, ipək parçalar Moskva dövlətinə, Venesiyaya, Kiçik Asiya, Suriya, İraq və başqa ölkələrə ixrac ohınurdu. Avropa ölkələri (Venesiya Respublikası, Roma papalığı, Neapol krallığı, Avstriya-Macarıstan, Çexiya, Almaniya dövlətləri, Burqundiya hersoqluğu və s.) Azərbaycanla geniş ticarət əlaqələri saxlayırdılar.

Uzun Həsən dövlətinin xarici siyasətini beynəlxalq ticarət yollarına nəzarətin ələ keçirilməsi, dənizlərə, ilk növbədə Aralıq dənizinə çıxışların əldə olunmasına yönəltmişdi. Eyni siyasəti Osmanlı imperiyası da həyata keçirdiyindən iki böyük türk dövləti arasında müharibə başlamışdır. Öz dövlətinin maraqlarını təmin etmək məqsədilə Uzun Həsən təkcə Şərq dövlətləri ilə deyil, Avropa dövlətləri ilə diplomatik əlaqələr yaratmış, ticarət əlaqələrini genişləndirmiş, hətta hərbi-siyasi ittifaq təşkil etməyə çalışmışdır.

Sara xatun – Azərbaycanın ilk diplomat qadını

Uzun Həsənini anası Sara Xatun Azərbaycan tarixində ilk diplomat qadın sayılır.

Ağqoyunlu Pir Əli bəyin qızı Sara xatun əmisi oğlu Əli bəyə ərə getmiş, onların 7 oğlu (Cahangir, Hüseyn, Uzun Həsən, Cahanşah, İsgəndər, İbrahim, Üveys) və bir qızı (Xədicə bəyim) olmuşdur. Gənc yaşlarından dərin bilikləri və qətiyyəti ilə seçilən Sara xatun həyat yoldaşı səfərdə olanda Xarput şəhərini idarə etmişdir.

Sara xatunun diplomat keyfiyyətləri hələ XV əsrin 50-ci illərində özünü büruzə vermişdir. 1452-ci ildə oğulları Cahanşahla Uzun Həsən arasında başlayan ixtilaf ara müharibəsinə çevrilməmişdən məsələyə müdaxilə edən Sara xatun qardaşlar arasında sülh əldə etmişdir.

1461-ci ildə Osmanlı sultanı II Mehmetin Trabzona yürüşü zamanı onunla danışıqlara başlayan Sara xatun sultanı fikrindən döndərə bilməsə də, Trabzon imperatorluğunun xəzinəsinin Ağqoyunlulara verilməsinə, imperator və ailəsinin edamdan xilas edilməsinə nail olmuşdur. Ağqoyunlularla osmanlılar arasında Yassıçəmən sülhünün imzalanmasında da Sara xatunun rolu böyükdür.

1466-cı ildə ağqoyunluların Diyarbəkirdəki uğurlarından narahat olan Misir Məmlük Sultanlığı sərhədə qoşunlar yeridəndə müharibə təhlükəsi yaranmışdır. Sara xatun Qahirə şəhərinə getmiş, sultan Seyfəddin Çaxmaqla danışıqlar aparmış və məsələnin sülhlə nəticələnməsinə nail olmuşdur. Sultan Xoşqədəmin dövründə də danışıqlarda Ağqoyunlu tərəfini Sara xatun təmsil etmişdir.

Teymuri hökmdarı Əbu Səid 1469-cu ildə yürüşə başlayanda Sara xatun əvvəlcə Xorasanın Kalbuş vilayətində, düşmən Azərbaycana ayaq basanda isə Miyanədə Əbu Səidlə görüşmüş və onu gözləyəcək təhlükələrdən xəbərdar edərək yürüşə son qoymağı tövsiyə etmişdir.

XV əsrin 70-ci illərində Avropa dövlətlərinin səfirləri Azərbaycana gəldikdə hökumətləri tərəfindən onlara Sara xatunla xüsusi görüşmək, hörmət bildirmək, fikrini öyrənmək tövsiyə olunurdu.

Sara xatun xeyriyyəçi kimi də tanınıb: Xarputda inşa etdirdiyi məscid indiyə qədər “Sara xatun məscidi” adı ilə qalmışdır.

Sara xatunun adı XV əsr “Kitabi-Diyarbəkiriyyə” əsərində “Saray xatun” şəklində göstərilir.

Uzun Həsənin siyasətinin davamçıları. Sultan Yaqub

Uzun Həsənin 1478-ci ildə vəfatından sonra oğlu Sultan Xəlil özünü dövlət başçısı elan etmiş, lakin həmin ildə Xoy döyüşündə həlak olmuşdur.

Hakimiyyətə gəlmiş Sultan Xəlil qardaşı, Sultan Yaqub 1480-ci ildə Məmlük Suriya sultanının hücum edən qoşununu məğlub etmiş, Şirvanşahlar dövləti ilə dostluq münasibətləri saxlamış, şirvanşah Fərrux Yasarın qızı ilə evlənmiş, ona Səfəvi şeyxlərinin yürüşlərini dəf etməyə kömək göstərmişdir. Sultan Yaqub Məmlük Misir dövləti vasitəsilə Aralıq dənizinə və Gürcüstana yürüş edərək Qara dənizə çıxış eldə etmişdir.

1490-cı ildə onun ölümündən sonra 1490 - 1492-ci illərdə ölkəni onun oğlu Sultan Baysunqur, onun ölümündən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm 1492-1497-ci illərdə, daha sonra Uzun Həsənin və eyni zamanda II Mehmetin nəvəsi Sultan Əhməd (Gödək Əhməd) idarə etmişdir. 1497-ci ildən sonra başlayan daxili müharibələr 1500-cü ildə dövlətin iki hissəyə parçalanması ilə nəticələndi. 1501-ci ildə Uzun Həsən və Despinə Xatunun qızı olan Aləmşah bəyimin Şeyx Heydərdən olan oğlu I Şah İsmayıl yeni dövlətin – Səfəvilər dövlətinin əsasını qoydu.

Uzun Həsənin sabit, inkişaf etmiş dövlət yaratmaq, dənizlərə çıxış əldə etmək, beynəlxalq ticarət yollarına nəzarət edərək qlobal ticarət sayəsində ölkəsinin gəlirlərini təmin etmək istiqamətindəki siyasətini onun oğlu Sultan Yaqub, daha sonra isə nəvəsi I Şah İsmayıl Xətai davam etdirmişlər.

Uzun Həsənin oğlu Sultan Yaqub (tam adı Qiyas əs-Səltanə Əbü-l Müzəffər Sultan Yaqub-xan) 1478–1490-cı illərdə Ağqoyunlu dövlətinin hökmdarı olmuşdur. Sultan Yaqub 1464-cü ildə anadan olmuş, mükəmməl təhsil almışdır. Uzun Həsən bütün uşaqlarını, o cümlədən Yaqubu yeniyetmə yaşlarından hərb sənətinin qayda- qanunları ilə tanış etməyə çalışıraq döyüşlərə özü ilə bərabər aparırdı. Uşaqları gənc yaşlarında dövlət işləri tanış etməyə çalışaraq o onları ölkənin müxtəlif vilayətlərinin canişini təyin edirdi (onların yabnına təcrübəli köməkçilər təhkim etməklə). Diyarbəkir vilayətinin canişini olan Yaqub əmirlər arasında böyük nüfuz qazanmışdır.

1478-ci ilin iyun ayında hakimiyyətə gələndən sonra Sultan Yaqub atasının daxili və xarici siyasətini davam etdirirdi. Dənizlərə çıxış əldə etmək üçün o, dövlətinin xarici ticarətini Misir Məmlük dövlətinin limanlarına yönəltməyə çalışmışdır. 1480-ci ildə Misir Məmlük dövlətinin qoşunları Ağqoyunlu torpaqlarına hücum etmiş, lakin Sultan Yaqub onlara qalib gəlmişdir. Sonralar iki dövlət arasında möhkəm diplomatik və ticarət əlaqələri qurulmuşdur. Ölkənin daxilində bəzi yerli hakimlərin özbaşınalığının qarşısını alarkən Sultan Yaqub iri feodalların qiyamları ilə üzləşmiş, lakin Həmədan, Qum və Şirazda baş qaldırmış qiyamçılar Yaqubun qoşunları tərəfindən darmadağın edilmişlər. 1487-ci ildə Gürcüstana yürüş edən Sultan Yaqub Kartli çarı II Konstantini məğlub etmiş, hakimiyyətdən devirmiş və Ağqoyunlulardan asılılığı qəbul edən II Aleksandrı çar elan etmişdir. Ağqoyunlularla Şirvanşahlar arasında dostluq və qarşılıqlı yardım haqqında müqaviləyə əsasən, 1488-ci ildə o, şirvanşah III Fəribürzə komək göstərərək Şeyx Heydərin yürüşünün dəf edilməsi üçün Şirvana qoşun göndərmişdir.

Görkəmli siyasi xadim və sərkərdə Uzun Həsən

© Milli Azərbaycan Tarixi Muzeyi