• Təbriz miniatür məktəbi

Təbriz miniatür məktəbi

Müsəlman Şərqinin, o cümlədən Azərbaycan miniatür sənətinin tükənməz mənbəsi klassik Şərq poeziyasıdır. Bu sənətin ən qədim məlum nümunələri – «Vərqa və Gülşa» (XIII əsrin əvvəli), «Mənafi əl-heyvan» (1298), «Cəmi ət- təvarix» (1308, 1314) əsərlərinə çəkilmiş miniatürlərdir. Bunlar Şərqdə yeni bir məktəbin Təbriz miniatür məktəbinin yarandığını təsdiq edir.

Təbriz miniatür məktəbinin formalaşması və ilk inkişafı xarici təsirlərlə yerli bədii ənənələrin qaynayıb qarışması prosesində baş vermişdir. Bu təsirlərdən biri monqollarla Təbrizə gəlmiş uyğur rəssamlarının gətirdiyi Şərqi Türküstan – çin- uyğur sənətinin, ikincisi isə Bağdad məktəbi vasitəsilə gələn ərəb-Mesopotamiya boyakarlığı ənənələrinin təsiri idi. 1330-1340-cı illərdə ustad rəssam Şəmsəddinin, onun tələbəsi, Sonralar Teymurun Səmərqəndə göndərdiyi Xoylu Əbdülün Firdovsinin «Şahnamə»sinə çəkdikləri miniatürlər yalnız Azərbaycanda deyil, ümumiyyətlə Şərq miniatür boyakarlığının inkişafında yeni, sənətkarlıq baxımından daha yüksək bir dövrü təmsil edir.

XV əsrdə Azərbaycanın bir çox görkəmli rəssamları və kitab sənətinin başqa mahir ustaları Teymurilərin əsas mərkəzinə çevrilmiş Herata dəvət edilirlər. Cəfər Təbrizi, Pir Seyid Əhməd, Xacə Əli Müssəvir, Qəvaməddin, Qiyasəddin və başqalarının Herat rəssamlıq məktəbinin inkişafında səmərəli fəaliyyəti, mühüm rolu olmuşdur. Təbriz məktəbi öz aparıcılıq mövqelərini müəyyən dərəcədə Herat məktəbinə güzəştə getsə də bir sıra qonşu ölkələrdə rəssamlıq məktəblərinin yaradılmasında əhəmiyyətli rol oynamışdır. Məhz buna görə Təbriz miniatür məktəbini ana-məktəb adlandırmışlar.

Təbriz miniatür məktəbi

© Milli Azərbaycan Tarixi Muzeyi