Asiya və Avropanı birləşdirən ticarət yolları şəbəkəsinə malik Azərbaycandan xarici ölkələrə ipək və pambıq parçalar, xam ipək, xalça-palaz, zinət şeyləri, ədviyyat, düyü, qoz-fındıq, neft, duz, müxtəlif silahlar ixrac olunur, həmin ölkələrdən cürbəcür xəz-dərilər, bal, mum, kətan parçalar, gön, qab-qacaq, yaraq- əsləhə, ov quşları və s. idxal olunurdu.
XV əsrdə Azərbaycanın Avropa ölkələri ilə əlaqələri genişlənir. Asiya və Avropanı birləşdirən ticarət yolları şəbəkəsinə malik Azərbaycandan xarici ölkələrə ipək və pambıq parçalar, xam ipək, xalça-palaz, zinət şeyləri, ədviyyat, düyü, qoz-fındıq, neft, duz, müxtəlif silahlar ixrac olunur, həmin ölkələrdən cürbəcür xəz-dərilər, bal, mum, kətan parçalar, gön, qab-qacaq, yaraq-əsləhə, ov quşları və s. idxal olunurdu. Azərbaycan tacirləri Hələb, Şam, Trablus, Beyrut, Konya, Bursa, İstanbul, Trabzon kimi ticarət mərkəzlərində avropalılarla qızğın ticarət edirdilər. Azərbaycan ipəyinin əsas alıcıları italyan tacirləri idi. Onlar Qara dənizdən Azov və Don vasitəsilə Volqaya keçir, Xəzərsahili ticarət mərkəzləri ilə əlaqə yaradır, Şamaxıya, Təbrizə gəlirdilər. Hətta Genuya respublikası Təbrizdə daimi ticarət şirkəti yaratmağa cəhd göstərmişdi. Təbrizi Bursa ilə birləşdirən və İpək yolu adlandırılan karvan yolu ilə ipək aparan hər karvanda 300-400 yük heyvanı olurdu. Şirvan tacirləri Dərbənd keçidindən şimala gedən karvan yolu və Xəzər-Volqa su yolu ilə volqaboyu xalqlarla, Moskva dövləti ilə geniş ticarət əlaqələri də saxlayırdılar. Tverli tacir Afanasi Nikitin rus tacirlərinin Azərbaycana gəlməsi və ticarət fəaliyyətləri haqqında maraqlı məlumatlar verir.
Ticarətin genişlənməsi Azərbaycan şəhərlərinin daha da inkişaf etməsinə təkan verirdi. Bu dövrdə Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı, həm də beynəlxalq ipək ticarəti mərkəzlərindən biri olmuşdur. Yerli ipək baramasının bolluğu Şamaxını mühüm ipəkçilik mərkəzinə çevirmişdir. Çeşidli ipək parçaları, qumaş, güləbətin, pambıq parça malları, daş-qaşlar və s. mallar Şamaxı bazarına gətirilir, burada Şərq, Avropa və Rusiyadan qələn tacirlərin alış-verişi təmin edilirdi. Mənbələrin məlumatına görə Şamaxı təqribən 100-200 hektar sahəni tuturdu, burada 5-10 min ev var idi.
Qədim şəhərlərdən biri olan Təbriz Yaxın və Orta Şərqin böyük sənətkarlıq və ticarət mərkəzlərindən biri idi. İpək və ipəkçiliklə yanaşı Təbrizdə pambıq və yundan toxunmuş parçalar, şal, gəbə, zərgərlik məmulatı, silah və bəzək şeyləri istehsal olunurdu. “Dərai-yi-qəssab” adlanan dördrəngli Təbriz ipək parçası o zaman bütün Azərbaycan sənətkarlığının göstəricisi idi.
Bakı Xəzər dənizinin ən mühüm liman şəhəri idi. Şəhərin ətrafında qala divarları tikilmişdi. Bakıdan Həştərxana, Orta Asiyaya və Xəzər dənizinin cənub sahilindəki vilayətlərə neft, ipək, zəfəran və b. mallar ixrac edilirdi. Şəhərin ətrafından neft, duz çıxarılırdı. Mənbələrin məlumatına görə XV əsrdə gündəlik neft hasilatı 200 xalvar idi.
Gəncə, Naxçıvan, Marağa, Ərdəbil Azərbaycanın ən iri şəhərlərindən idi. Gəncə ipək parçaları, Naxçıvan ağac məmulatı ilə şöhrət qazanmışdı.