Zorxana – güc-qüvvət evi mənasındadır. Zorxanaların binasının böyük zalı səqfi tağlarla örtülü olurdu. Zalın ortasında dövrəsi tamaşaçıların oturduqları səki ilə əhatələnmiş dərinliyi 1 m, ölçüsü 10x10 m olan oyun meydanı süfrə adlanırdı. Oyundan asılı olaraq süfrədə eyni vaxtda.15-20 oyunçu iştirak edirdi. Zorxanalar 200-300 tamaşaçı tuturdu. Zorxana oyunlarını süfrəyə yaxın hündür yerdə oturan təlimçi-mürşüd idarə edirdi. Zorxana oyunları musiqi ilə müşayət olunurdu. Süfrədə oyuna başçılıq edən miyandarın işarəsi ilə musiqi çalınır və oyun başlayırdı.
Zorxanada bütün oyunlardan sonra güləş başlanırdı. Güləş üsulu və fəndləri çox müxtəlif və rəngarəng olurdu. Güləş qurtarandan sonra pəhləvanlar mürşüdün əlindən öpüb, ortalıqdan gedirlər. Mürşüd zorxanaya gələn pəhləvanlara xoş gəlmisən deməli və oyuna dəvət etməli idi. Məşhur pəhləvanların zorxanaya daxil olması ilə zəng vurulur, zərb çalınır və eyni zamanda zorxana şeirləri oxunurdu. Pəhləvanlar bir-birini güləşə dəvət edərkən, ya rəqibinə gül verir, ya da ona tərəf gül tullayırdı.
Zorxanada iştirak edən pəhləvanların idman oyun paltarı tək şalvardan ibarət olurdu. Bu paltarın qədim adı tamban idi.İlk yarandığı zamanlarda tamban meşindən, sonralar isə qalın parçadan tikilərək, üstü hər kəsin səliqəsinə və zövqünə görə bəzədilirdi. Mil oyununda müharibədə işlədilən gürzləri xatırladan mildən istifadə olunurdu. Mil oynadan pəhləvanlar onları başları üzərinə qaldıraraq rəqs edirdilər. Bu alət şümşad, azad və ya palıd ağaclarından düzəldilirdi. İki zorxana milinin orta çəkisi 12 kq-dan 30 kq-a qədərdir. Millərin 30-a qədər forması olurdu. Yekbağır yaxud səng aləti yarım metr uzunluğu, yarım metr eni, 3 sm qalınlığı, qapıya oxşar, ortası dəstəli taxta idi. 60 kq-dan 200 kq-a qədər olub, 2 parçadan ibarət idi. Bu alətə zəngəzur (güc daşı) da deyilirdi.
Sino oyunu və ya quluncsındırma, yekpa və ya ayaqdöymə, mil oynatmaq, yekbağır və ya səngi daşqaldırma, kəbbadə və ya kəmanə, çərxi və ya səng, güləş zorxana oyunları hesab olunurdu. Zorxanaların yarandığı ilk yer Təbriz şəhəridir. Xüsusi zorxana kompleksləri Təbriz, Naxçıvan, Ordubad, Ərdəbil, Gəncə, Marağa, Bakı, Urmiya, Xoy, Şəki, Şamaxı və Şuşada mövcud olmuşdur.