1499-cu ildə yürüşə başlayan İsmayıl Lahıcan – Tarom – Xalxal – Ərcüvan – Çuxursəd – Ərzincan marşrutu ilə hərəkət edərək, yeddi min döyüşçüsü olan qoşun toplayır. Buradan qızılbaş qoşunu sürətlə Şirvana doğru yürüş etdi.
Qoşunun avanqard dəstəsi Qoyun ölümü deyilən yerdə Kür çayını keçməli idi, lakin dəstənin əmiri çayı keçməyi mümkün hesab etmədi. Özünü yetirən İsmayıl birinci olaraq atın üstündə üzərək, qarşı sahilə çıxdı və ardınca bütün qızılbaş qoşununu apardı Bu zaman Şirvanşah Fərrux Yasar Şamaxıdan çıxaraq, Qəbələ qalasına getmişdi. İsmayıl Şamaxıya daxil olanda, artıq, bütün əhali şəhəri tərk etmişdi. Şamaxının tutulması xəbərini alan Fərrux Yasar Gülüstan qalasına çəkilməyi qərara aldı, lakin həmin qalaya çata bilmədi.
1500-cü ilin sonunda, Gülüstan qalası yaxınlığında Cəbani adlı yerdə İsmayılla Şirvanşah Fərrux Yasar arasında döyüş baş verir. Yeddi minlik süvarinin başında olan İsmayıl 20 min süvarisi və 6 min piyadası olan Fərrux Yasarın qoşunlarını darmadağın etdi. Şirvanşah Fərrux Yasar öldürüldü. Şirvan qoşunlarının salamat qalmış hissələri Gülüstan qalasına çəkildi.
İsmayıl üç gün döyüş meydanında qaldı, sonra isə Şamaxıya qayıtdı. 1500- 1501-cı ilin qışını keçirmək məqsədilə qızılbaş qoşunu Mahmudabad şəhərinə gəldi, İsmayıl qoşunun bir hissəsini Bakını tutmağa yolladı. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin uğursuzluğunu görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Bakıya doğru hərəkət etdi. Şəhərin mühasirəyə alındı, qala ətrafındakı xəndək dolduruldu, yeraltı lağım vasitəsilə qala bürclərindən biri dağıdıldı. Şəhər tutuldu, Şirvanşahlar dövlətinin xəzinəsi ələ keçirildi.
Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa cəhd etdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etdi. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: “Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa “Gülüstan” qalasını?” Onlar yekdilliklə Azərbaycanı üstün tutduqlarını bildirirlər.
Cabani döyüşü 14 yaşlı İsmayılın fitri hərbi istedadlı, şəxsi şücaəti ilə döyüşçüləri arxasınca qələbəyə doğru aparmağa qadir olan sərkərdə olduğunu nümayiş etdirdi.
Üçxəttli müdafiə sisteminə malik olan Bakı kimi strateji qalanın tutulması İsmayılın dövrün mühasirə fəndlərinə (qalanın tam mühasirəyə alınması, döyüş zamanı xəndəyin doldurulması, yeraltı lağımla qala bürclərindən birinin uçurulması) yiyələnməsini nümayiş etdirirdi.
Qızılbaş qoşunu Şirvana yürüş edən zaman cənubda iki dövlət mövcud idi.
Qızılbaş qoşunu Gülüstan qalasından cənuba doğru hərəkətə başlayan zaman İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin 30 minlik qoşunla Təbrizdən hücuma keçməsi Ərdəbil, Qarabağ və Qaradağı tutulması xəbərini aldı. İsmayıl bütün qüvvələrini cəmləşdirib Kürü keçdi və Əlvəndin qoşunlarının cəmləşdiyi Naxçıvana doğru irəlilədi. Onun öndər hissələri Əlvəndin ön hissələrini məğlub etdi. Vaxt udmağa çalışan Əlvənd İsmayıla məktub göndərərək, onu Şirvanın hakimi kimi tanıyacağını vəd etdi. Ağqoyunlu dövlətindəki mövcud hərcmərclikdən cana yığılan əksər əmirlər və hətta baş vəzir İsmayılın tərəfinə keçdilər. Buna baxmayaraq Əlvənd döyüşmək qərarına gəldi. Həlledici döyüş 1501-ci ilin yayında Şərur düzündə baş verdi. İsmayıl qələbə qazandı, Əlvənd Ərzincana qaçdı. Qızılbaşlar böyük qənimət ələ keçirdilər.
Bu qələbədən sonra İsmayıl maneəsiz Təbrizə daxil oldu. Azərbaycanın şəhər və əmirləri İsmayılın hakimiyyətini tanıdılar. İsmayıl Təbrizdə Səfəvilər dövlətinin yaranmasını, özünü isə bu dövlətin şahı elan etdi. Şiəlik dövlət dini elan olundu. Əlvəndin yeni qüvvələr toplayıb, Azərbaycana qayıtmaq cəhdlərinin qarşısı alındı.
Cabani və Şərur döyüşlərində qələbə qazanmaqla İsmayıl tarixi Azərbaycan torpaqlarını vahid dövlət çərçivəsində birləşdirdi.
İraq və Fars vilayətlərini əhatə edən Ağqoyunlu dövlətinin digər hissəsinin hökmdarı Sultan Murad tabeçiliyində olan ərazilərdə sürətlə nüfuzunu itirirdi. I Şah İsmayıl isə idarə etdiyi ərazilərində vergiləri azaltmış, qanunsuzluqların qarşısını almaqla sabitliyi təmin edə bilmişdi. Ağqoyunlu sərkərdələrinin əksəriyyəti İsmayılın tərəfinə keçmişdi. İsmayıl Murada məktub göndərərək,aralarında olan qohunluq əlaqələrini yada saldı və onu tabe olmağa çağırdı, lakin Murad bundan imtina etdi. O, 70 minlik qoşun toplasa da, hücuma keçməyə ürək etmədi. Onların arasında həlledici döyüş 1503-cü ilin iyununda Almaqulağı adlı yerdə baş verdi. İsmayıl qələbə qazandı, Muradın dövləti ləğv edildi, Fars vilayəti və İraq-Əcəm ələ keçirildi.
I Şah İsmayıl Səfəvi dövlətində yeni pul vahidi tətbiq etməyə başlamış, vergiləri tənzimləmişdi. O, dövlət məmurlarının ədalətsizliyinin qarşısını almağa çalışır, ticarətin inkişafı üçün şərait yaratmışdı. Bununla yanaşı Şah İsmayıl yeni yürüşlərə hazırlaşırdı.
Qızılbaş qoşununun rəqibləri Yaxın və Orta Şərqin çoxsaylı yerli hakimləri idi. Sayca üstün olsalar da, mənəvi baxımdan qızılbaş qoşunundan zəif idilər. Ələ keçirdiyi ərazilərdə rəhimdil siyasət yürüdən, ədalətli hakimiyyət quran İsmayılın gəlişi kəndli, sənətkar, tacir və xırda feodallar tərəfindən sevinclə qarşılanırdı. Olduqca sürətli əməliyyatlar həyata keçirən Şah İsmayıl ona qarşı çıxan vilayət başçılarına birləşməyə imkan vermədən onları pərakəndə halında məğlub edirdi.
1503-1504-cü illərdə I Şah İsmayıl Şiraz, İsfahan, Kaşan, Qum, Firuzkuh, Yəzd kimi güclü şəhərləri tutmağa müvəffəq oldu. Fars, Xuzistan, Gilan, Mazandaran, Kirman kimi iri vilayətlər onu dövlətinə qatıldı. 1506-cı ildə İsmayıl Diyarbəkri tabe etdi. Qərbdə Səfəvilər dövlətinin sərhədi Osmanlı dövlətinin hüdudlarına çatdı. 1507-ci ildə Kürdüstan, 1508-ci ildə İraqı-Ərəb ələ keçirildi. İslam dünyasının ən böyük mərkəzlərindən olan Bağdad şəhərində I Şah İsmayılın hakimiyyəti quruldu. Faktiki olaraq 1510-cu ilə qızılbaş qoşunları artıq Amu Dərya çayının sahillərinə çatdılar.
Səfəvilər dövlətinin şərq sərhədləri Şeybanilər dövlətinin hüdudlarına çatdı.
Özbək Məhəmməd Şeybani xan Səvəfilər dövləti üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən Şah İsmayıla göndərdiyi “Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm” məktubu ilə aralarında olacaq gələcək münaqişənin əsasını qoydu.1507-ci ildə Şeybanilər dövlətinin hökmdarı Məhəmməd Şeybani xan Məvarrənəhrı ələ keçirərək, Teymuri hökmdarı Baburu taxtdan devirdi. Babur Səfəvilərin regiondakı müttəfiqi idi. Məhəmməd Şeybani xan isə Osmanlı dövləti ilə əlaqə saxlayır, Səfəvi dövlətini iki od arasına salmaq planlarını gizlətməmişdir. Şeybanilər və Səfəvilər regionda strateji əhəmiyyətə malik olan Xorasan vilayətində möhkəmlənməyə çalışırdılar. 1510-cu ildə Məhəmməd Şeybani xan Heratı ələ keçirdi, I Şah İsmayıl isə Məşhəd və Tus şəhərlərini tutdu. Qızılbaş qoşununun sürətli hərəkəti Məhəmməd Şeybani xan üçün gözlənilməz oldu: Şeybanilər Mərv şəhərinə çatana qədər Səfəvilər Səraxsda möhkəmləndi və Mərv şəhərini mühasirəyə aldı.
Mərv divarları önündə dayandığı müddətdə qızılbaş sərkərdələri şəhərə hücum etməyi təklif etsələr də, I Şah İsmayıl bu təklifləri qəbul etmədi. Şəhərə hücum zamanı böyük itkilərin qaçılmaz olduğunu yaxşı başa düşən şah qoşunun itkilərini minimuma endirməyə çalışırdı. Bir həftə ərzində şah müxtəlif fəndlərlə Şeybaniləri Mərv qalasından çıxarmağa çalışır, lakin ayrı-ayrı dəstələri dağıtmağa müvəffəq olurdu. Nəhayət o, “yalançı geriyəçəkilmə” fəndini tətbiq etdi.
1510-cu il dekabrın 2-də aldanaraq Mərv qalasından çıxan Məhəmməd Şeybani xan qoşunu üç hissəyə bölərək, qızılbaşları təqib etməyə başladı. Lakin qoşununun 5-minlik mərkəzi hissəsi hökmdarla birlikdə şahın 17-minlik qoşununun mühasirəsinə düşdü. Döyüşdə Məhəmməd Şeybani xan öldürüldü, qoşunu darmadağın edildi. Sürətlə həmlə edən I Şah İsmayıl Mərv qalasını tutdu.
1510-cu il dekabrın 2-də baş vermiş Mərv döyüşü nəticəsində Xorasan Səfəvilər dövlətinə birləşdirildi. Qızılbaşların müttəfiqi olan Babur Məvərranəhrdə yenidən hakimiyyətə gətirildi. I Şah İsmayıl bu döyüşdə iri qoşun birləşmələrini məharətlə idarə edən, strateji əməliyyatlar həyata keçirən sərkərdə kimi özünü göstərdi. Qoşunlarını Mərv qalası kimi güclü qalaya göndərməyən şah mənasız itkilərin qarşısını almışdı. Düşmənlə gərgin psixoloji mübarizədə guya geriyə çəkilməsinə onu inandıra bilən İsmayıl “yalandan geriyəçəkilmə” fəndini bacarıqla həyata keçirmişdi. I Şah İsmayılın sərkərdəlik hesabına Çingizxanın nəslindən olan Şeybani hökmdarını darmadağın etməsi nəticəsində gənc şahı hamı Makedoniyalı İskəndərlə müqaisə etməyə başlamışdı.
Səfəvilərin osmanlılarla ilk təması 1504-cü ildə baş verdi. İraqın osmanlı sərhədlərinə yaxın ərazilərini ələ keçirən I Şah İsmayıl Sultan II Bəyazidə hədiyyələr və məktub göndərmişdir, cavabında qələbələri münasibətilə təbrik məktubu və hədiyyələr almışdır.
Ağqoyunlu Muradın Diyarbəkr hakimi Dülqədir Alaüddövlə ilə qohum və müttəfiq olması I Şah İsmayılı narahat edirdi. Onların qərbə doğru gedən ticarət yollarına təhlükə yaratması ehtimalının qarşısını almaq üçün o, sürətlə Osmanlı torpağından keçərək Əlbistana girdi, Alaüddövlənin üç ordusunu məğlub etdi və 1507–1508-ci illərdə Harput və Diyarbəkri aldı. Osmanlıların torpaqlarından keçdiyinə görə I Şah İsmayıl üzrhaqlıq məktubu göndərdi: “Sultan mənim atamdır, onun torpaqlarında gözüm yoxdur” yazdı. Beləliklə, münaqişə baş vermədi.
Osmanlı dövlətində baş verən çaxnaşmalar, şahzadələr arasındakı müharibələr, onların nəticəsi olaraq bəzi torpaqların talanması, vergilərin artırılması imperiya ərazisində üsyanlara səbəb oldu. Onlar sırasında Koyluhisarda yaçayan şiə əhalisinin üsyanı nisbətən uğurlu oldu. Özlərini qızılbaş adlandıran üsyançılar ədalətli hökmdar kimi tanınan I Şah İsmayıla rəğbət bəsləyirdilər. Üsyançılar Tokat şəhərini ələ keçirdilər, bir neçə osmanlı dəstəsini məğlub etdilər. Yenicə hakimiyyəti ələ keçirən Sultan Səlim üsyanı yatırdı.
Lakin Antalya bölqəsində şiələrin yeni üsyanı – “Şahqulu üsyanı” başladı. Belə ki, bu bölgədə yaşayan Həsən Xəlifə vaxtikən Şeyx Heydərlə sıx əlaqə yaratmışdır. Sultan Bəyazidin dövründə şiələrin osmanlı sultanı ilə dost münasibətləri mövcud idi. Həsən Xəlifənin ölümündən sonra onun oğlu özünə “Şahqulu Baba Təkəli” adını götürərək hərcmərclikdən qurtulmaq üçün I Şah İsmayıla qoşulmağa çağırdı. 10 min altı toplayaraq Şahqulu Antalyanı tutdu, Qaraman bəylərbəyini öldürdü. Osmanlı qoşunları ilə döyüşlərdə üsyançılar osmanlı vəzirini öldürdülər, lakin Şahqulu da həlak oldu. Üsyançıların qalıqları sərhəddi keçərək Səfəvi dövlətinə daxil oldular. Burada onlar Təbrizdən Anadoluya gedən böyük ticarət karvanını taladılar, tacirləri öldürdülər. Beləliklə, sosial hərəkət tədricən talançı hərəkətə çevrildi. Ticarətin inkişafına xüsusi diqqət yetirən I Şah İsmayıl üsyançıları pərən–pərən saldı, başçılarını edam etdi.
Hakimiyyətə gələn sultan Səlim Sivas, Çorum, Tokat ətrafındakı şiələrin özlərini qızılbaş hesab etməsi, I Şah İsmayılın osmanlı şahzadə və valiləri ilə gizli əlaqə saxlamasını nəzərə alaraq Səfəvi dövlətinə qarşı müharibəyə başlamaq qərarına gəldi. “Şahqulu üsyanı”nın necə ağır olmasını nəzərə alan sultan öz ərazisində yaşayan 40 min qızılbaş tərəfdaşını edam və ya həbs etdirdi.
1514-cü ilin avqustunda osmanlı qoşunu Səfəvi dövlətinin ərazisinə soxuldu.
Osmanlı qoşunu yürüşə başlayanda Səlimlə İsmayıl arasında məktublaşma olmuşdur. Səlim təhqiramiz məktublarla hərb əhvalını qızışdırır, İsmayıl isə Bəyazıd dövründə dostluq əlaqələrini xatırladır, müharibənin mənasızlığını qeyd edirdi. Osmanlılar Səfəvi sərhəddini keçəndə, sərhəddəki qızılbaş qoşunlarının rəhbəri Ustaclı oğlu Məhəmməd yolları, körpüləri, su hovuzlarını dağıtmış və osmanlıların hərəkətini yubatmışdır. Sultanın bəzi əmirləri qızılbaşlarla müharibə etmək istəmirdi, lakin sultan onları edam etdirdi və yürüş davam etdi.
Xoy şəhəri yaxınlığındakı Çaldıran düzündə helledici döyüş baş verdi. 1514- cü il avqustun 24-də səhər tezən başlayan döyüşdə həlledici rolu osmanlıların 500 zərbzən topu oynamışdır. Qızılbaşların sağ cinahı sürətlə irəliləyərək buradakı osmanlı süvari və piyadalarını əzmiş, toplar atəş açmağa macal tapmadan osmanlıları məğlub etmişdir. Şah şəxsən bir neçə osmanlı döyüşçüsü, o cümlədən Tur Əli bəy Malkuç oğlunu öldürmüşdür. Qızılbaşların sol cinahı osmanlı piyadaları ilə vuruşarkən buradakı topların atəşinə məruz qaldı və böyük itkilər verdi. Bundan istifadə edən osmanlı süvariləri hücuma keçdilər. Həm bu süvarilər, həm də mərkəzdəki tüfəngli yeniçəriləri şahın rəhbərlik etdiyi hissələrə zərbə endirdilər. Şah İsmayıl qolundan yaralandı, lakin ətrafındakılar onu döyüşdən çıxara bildilər. Səfəvi qoşunları məğlub edildi və Dargüzin ətrafında toplaşmağa başladı. Sultan Səlim Təbrizi tutdu. Buradakı müşavirədə o, qızılbaşları tam məğlub edib, Səfəvilər dövlətini ləğv etmək üçün Qarabağda qışlayıb Azərbaycanın dərinliklərinə gedəcəyini bildirdi. Lakin Azərbaycanda başlayan müqavimət hərəkatı, Şah İşmayılın daha böyük ordu toplaması xəbərləri, ərzaq və su çatışmazlığından osmanlı qoşunlarının əziyyət çəkməsi səbəblərinə görə sultan qoşunları Araz çayına çatandan sonra Səlim Türkiyəyə qayıtmaq əmrini verdi. Sultan öz qoşunu ilə Amasiyada olduğu zaman I Şah İsmayıldan Əbdülvəhab adlı səfir gəldi. Lakin osmanlı sultanı müharibəni davam etdirməyi planlaşdırdığından sülh danışıqlarını rədd etdi.
1514-cü il Səfəvi – Osmanlı müharibələrinin başlanğıcı oldu.
Səfəvi-Osmanlı müharibələri bəşəriyyət tarixində ən uzunmüddətli müharibələrdəndir. Hakimiyyətdə türk sülalələri olan Osmanlı və Səfəvi dövlətləri arasındakı müharibələr dini bayraqlar altında aparılırdı. XVI əsrin əvvəlində başlayan müharibələr XVIII əsrin 30-cu illəriinədək davam etmiş və Mesopotamiya və Cənubi Qafqaz torpaqları uğrunda aparılmışdır. Səfəvilər dövlətinin tərkib hissəsi olan bu torpaqlar Şərqdə Qərbə, Çindən Avropaya və Cənubdan Şimala, İran körfəzi sahillərindən Rusiyaya gedən strateji və ticarət yollarına nəzarət edirdi.
Bütün səylərinə baxmayaraq Osmanlı imperatorluğu Mesoptamiya və Cənubi Qafqazda möhkəmlənə bilmədi.
Müharibələr hər iki dövlətin insan resursları və iqtisadiyyatına böyük zərbə vurdu.
Göstərilən dövrdə 6 müharibə olmuşdur:
Müharibə | Səfəvi şahı | Osmanlı sultanı | Sülh müqaviləsi |
---|---|---|---|
1514-1555 | I İsmayıl, I Təhmasib | I Səlim, I Süleyman | Amasya müqaviləsi |
1578-1590 | I Abbas | III Murad | İstanbul müqaviləsi (1590) |
1603-1618 | I Abbas | I Əhməd, I Mustafa, II Osman | Nasuh-paşa müqaviləsi, Sevr sülhü (1612), Mərənd sülhü (1618) |
1623-1639 | I Abbas, I Səfi | IV Murad | Qəsri-Şirin |
1723-1727 | Mir Mahmud, Mir Əşrəf | III Əhməd | Bağdad müqaviləsi (1733), Həmədan müqaviləsi |
1730-1736 | II Təhmasib, III Abbas, Nadir Əfşar | III Əhməd, I Mahmud | Əhməd paşa müqaviləsi, Kirmanşah müqaviləsi (1732), İstanbul müqaviləsi (1736) |
Çaldıran döyüşündən sonra İsmayıl dövlətin əsaslarını əhəmiyyətli dərəcədə güclüəndirdi. Sənətkarlıq və ticarətin inkişafına xüsusi diqqət yetirilirdi.
Qiyam və itaətsizlik təhlükəsi olan Şirvan və Gürcüstana yürüşlər edildi, qiyamçı feodallar həbsə alındı. Şəki hakimliyində Səfəvilərin hökmranlığı gücləndirildi. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Belə ikitərəfli əlaqə Şirvanşahlar dövləti ilə Səfəvilər dövləti arasında, Azərbaycanın cənubu ilə şimalı arasında olan əlaqəni gücləndirdi.
Avropa dövlətləri Venesiya, Qabsburqlar krallığı, Macarıstan, Papa vilayəti, Neapol krallığı, Kipr və Rodos ada krallqları ilə diplomatik əlaqələr fəallaşmışdır. Osmanlılara qarşı ittifaq yaratmaq olmasa da, Avropa ilə iqtisadi əlaqələri genişlənmişdir.
Təbriz kitabxanası müsəlman Şərqinin ən böyük mədəni mərkəzlərindən birinə çevrilmişdir. Burada tanınmış filosof, tarixçi və şairlər çalışırdı. Astronom və riyaziyyatçı Qiyasəddinin səyləri ilə bərpa edilən Marağa rəsədxanası regionun böyük elmi-texniki mərkəzlərindən oldu.
Bu zaman şahın səhhəti pisləşmişdir. Həbsxanada keçirilən uşaqlıq illəri, 25 il ərzində fövqəladə fəal iş I Şah İsmayılın fiziki durumuna mənfi təsir göstərmişdir. Lakin şahın xarakteri həkimlərin özünə uzunmüddətli istirahətə çıxmaq kimi tövsiyyələrini icra etməyə imkan vermirdi. O, böyük imperiyasını əvvəlki kimi gəzir, dövlət işlərində fasilələr zamanı dağlarda və bataqlıqlarda ov edirdi. Yəhər üstündə həyat şahın daha çox cəlb edirdi, nəinki sarayda keçirilən sakit həyat.
1524-cü ilin yazlnda I Şah İsmayıl Şəkidən Şahdağa qədər olan ərazidə sürətli, irimiqyaslı ov keçirdi. Ov uğurlu olsa da, Ərdəbilə qayıdarkən şahın vəziyyəti pisləşdi. Həkimlərin səylərinə baxmayaraq o, 1524-cü il mayın 23-də Manqutay adlı yerdə vəfat etdi. Səfəvi ənənəsinə görə, I Şah İsmayıl Ərdəbildəki Şeyx Səfi məqbərəsində dəfn olundu.
İsmayıln beş oğlu – Rüstəm Mirzə (gənc yaşlarında vəfat etdi), şah Təhmasib (10 yaşında I Təhmasib adı ilə şah elan edildi), Sam Mirzə, Əlxas Mirzə, Bəhman Mirzə və beş qızı: Xanım, Pərixan, Məhinbanu, Firəngiz və Şahzeynəb, var idi.
Şah İsmayıl 37 yaşında vəfat etdi, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmışdır.