Təbriz regionun yalnız böyük siyasi və iqtisadi mərkəzi deyil, eləcə də mədəni mərkəz idi. I İsmayıldan başlayaraq səfəvi hökmdarları mədəniyyətin inkişafına böyük diqqət yetirirdilər. Nəticədə Azərbaycan Orta Şərqin tanınmış mədəniyyət mərkəzinə çevrilmişdir.
XVI əsr memarlıq abidələri sırasında Ərdəbildə Şeyx Səfi məqbərəsi ətrafında yaranmış kompleks ən birincilərdən sayılır. XVI-XVII əsrlərdə burada bir sıra müxtəlif binalar inşa olunmuşdur.
I İsmayılın hakimiyətə gələndə ilk tədbirlərindən biri Elxanilər dövlətinin süqütundan sonra dağılmış Marağa rəsədəxanasının bərpası olmuşdur. Bərpa işlərini şah məhşur astronom və riyaziyyatçı Qiyasəddinə tapşırmışdır. Bundan sonra Nəsirəddin Tusinin yadigarı olan rəsədxana tam gücü ilə işləməyə başladı.
I İsmayıl Təbrizə ən tanınmış alim, şair, kalliqraf və rəssamları cəlb etmişdir. Təbriz kitabxanasında şah tərəfindən ən nadir kitab və əlyazmalar toplanmışdır. Bütün müsəlman şərqində tanınan rəssam Kəmaləddin Behzad kitabxananın rəhbəri təyin olunmuşdur.
XVI əsrə Təbriz miniatür məktəbinin çiçəklənmə dövrü sayılır. Təbriz məktəbinin meydana gətirdiyi bədii şedevrlər hazırda dünyanın tanınmış muzeylərini bəzəyir. Ağa Mirək, onun məhşur şagirdi Soltan Məhəmməd, eləcə də istedadlı ustalar Mir Seyid Əli, Müzəffər və başqaları bu məktəbin tanınmış rəssamları idi. Təbriz məktəbinin bədii tendensiyaları onun ən böyük nümayəndəsi, Orta Şərqin dahi rəssamlarından olan Soltan Məhəmmədin yaradıcılığında əks olunmuşdur.
Tətbiqi incəsənətin ən böyük sahəsi xalça istehsalı idi. Xalçalar saraylar, məscidlər, çadırları bəzəyirdi. XV əsrdə Azərbaycan xalçaları yalnız Şərq ölkələri deyil, Avropada da çox populyar idi. Renesans dövrü Qərbi Avropa rəssamlarının rəsm əsərlərində Azərbaycan xalçalarının təsvir edilməsi bunun bariz nümunəsidir.
Məhşur “Şeyx Səfi” xalçası Ərdəbil məscidi üçün 1539-cu ildə toxunmuşdur. Olduqca böyük olan (56 kv. m) xalça naxışın vahid kompozisiyası və rənglərinin zənginliyi ilə seçilir. Xalçanın bəzi naxışları Ərədbil məscidinin mayolikasının ornamentlərində təkrarlanır. Ərdəbil xalçası Təbriz xalça məktəbinə aiddir. Bu xalçaların naxışlarında həmçinin “heyvan” motivləri və ov səhnələri təsvir olunurdu: bunu XVI əsr səfəvilərin şah emalatxanalarında istehsal olunan xalçalarda görmək olar. Azərbaycan xalçaları sırasında həmçinin daha üç qrup mövcud idi: Quba, Gəncə-Qazax və Qarabağ xalçaları.
Səfəvi dövrü Azərbaycanın bədii sənətkarlıq məhsulları sırasında silah və yaraqlar, eləcə də keramika, tunc qablar, zərgərlik məhsulları seçilirlər; onların bir çoxu dünya muzeylərində qorunur.
Səfəvilər dövründə Azərbaycan ədəbi və danışıq dillərinin yaxınlaşması, vahid şəklə düşməsi baş verir. Dövrün Azərbaycan folklorunda əsas yeri dastanlar tutur. Bir çox dastanlarda, əsasən “Şah İsmayıl” dastanında real hadisələr əks olunmuşdur. XVI-XVII əsrlərdən başlayaraq aşıqların şerləri yazıya alınırdı. Aşıq poeziyası milli incəsənətin spesifik forması kimi mədəni həyata təsir göstərirdi.
Əsrlər boyu Azərbaycan musiqisi folklor sənətinin çərçivəsində inkişaf edirdi. Xalq mahnı yaradıcılığı milli həyatın müxtəlif tərəflərini əks etdiridi. Rəqs musiqisi azərbaycan musiqi folklorunda müstəqil bir sahə idi.
Dövlət idmanın inkişafına xüsusu diqqət yetirirdi. Şəhərlərin demək olar ki, bütün məhəllələrində, kəndlərdə müxtəlif güləş növlərinin inkişaf etdiyi “zorxana” mərkəzləri var idi. Oxatma yarışları geniş keçirilirdi. İdman növləri sırasında atla idman növləri xüsusi qeyd olunmalıdır. Xalq at oyunlarından döyüş suvariləri hazırlanmasına xidmət edən növlər olduqca populyar idi. Həmçinin Azərbaycanda “çovqan” qədim oyununun növləri geniş yayılmışdır.
Azərbyacan dilinin, eləcə də doğma dildə yazılan poeziyanın inkişafına xüsusi rol I Şah İsmayıla məxsusdur. O, “Xətayi” təxəllüsü ilə (Ərdəbil yaxınlığında türk tayfasının adından) şerlər yazır və Azərbaycan poeziyasının klassiki hesab olunur. Xətayinin Azərbaycan dilində yazdığı əsərlərdən “Dəhnamə” (“On məktub”) və “Nəsihətnamə” poemaları, 400 qəzəl və 100 qəsidə dövrümüzə qədər çatmışdır. Şahın poeziyası Azərbaycandan çox-çox uzaqlarda məhşur idi.
Şairlərə himayədarlıq edən Şah İsmayıl sarayında ən tanınmış şairlər olan Xələbi, Süruri, Şahı və başqalarını toplamışdır.
Doğma dil və ədəbiyyata belə qayğının olduğu şəraitdə milli azərbaycan poeziyasının inkişafı labüd idi. Şah İsmayılın yaratdığı münbit şəraitdə bütün Şərq poeziyasının nəhəngi olan Məhəmməd Füzuli, eləcə də Məsihi, Saib Təbrizi, Qövsi Təbrizi kimi şairlər meydana çıxmışdır. Şah İsmayılın iradəsi ilə yüksəklərə qaldırılan türk dilinin nüfuzu Füzuliyə türk dilində “Leyli və Məcnun” poeziyası və digər şedevrlər yaratmağa imkan vermişdir.
I Şah İsmayıl 23 may 1524-cü il tarixində Təbriz yaxınlığındakı Mənqutay adlı yerdə vəfat edib və Ərdəbildə nəslin başqa nümayəndələri də dəfn oluna Şeyx Səfi məğbərəsində dəfn olunub.
Şeyx Səfi məqbərəsi (tam rəsmi adı – Ərdəbilqə Şeyx Səfi əd-Din xanəgahı və ziyarətgahı) kompleksi XVI-XVII əsrlərdə Azərbaycanda tikilmiş ən görkəmli memarlıq abidələrindəndir. Kompleksin ilk binası XIV əsrdə tikilib. Kompleks həyət ətrafında düzülmüş bir-birinə bağlı binalardan: Şeyx Səfi türbəsi, Şah İsmayıl türbəsi, bir sıra başqa türbələr, Çinixana, kitabxana, məscid, hovuz, hospital, mətbəxlər, zəvvarlar üçün otaqlar, və s. ibarətdir.
Binaların içərisini qızıl və gümüşdən emal edilmiş əşyalar, gözəl xalçalar, eləcə də kompleks üçün toxunmuş və incəsənət tarixində görkəmli bir sənət nümunəsi kimi məşhur olan Şeyx Səfi xalçası bəzəyirdi. Bunların əksəriyyəti müxtəlif dövrlərdə Ərdəbildən çıxarılaraq hazırda dünya muzeylərində nümayiş olunur.
2010-cu ildə kompleks YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.