• Səfəvilərin mənşəyi. I Şah İsmayıl

    Səfəvilər

Səfəvilərin etnik mənşəyi barəsində

İndiyədək Şah İsmayılın əcdadlarının qeyr-itürk etnosları ilə bağlamaq cəhdləri davam edir. Sülalənin ərəb, kürd, fars mənşəyi haqqında ehtimallar irəli sürülür, lakin tarixi sənədlərin cəlb olunması ilə keçirilmiş tədqiqatlar sülalənin azərbaycanlı, türk mənşəyini təsdiq edir.

Aşağıda Səfəvilər nəslinin mənşəyini araşdırmış bir sıra görkəmli tədqiqatçıların nəticələri göstərilir.

* “Bu Ərədbil şeyxləri, heç şübhəsiz ki, fars deyil, türk mənşəlidirlər”.

V.V.Bartold, Rusiya və sovet şərqşünası,
“Azərbaycan tarixinin qısa icmalı” əsərindən sitat

* “Bəzi Qərbi Avropa şərqşünasları Səfəvi dövlətini fars milli dövləti kimi görmüş və belə görməkdə davam edirlər. Bu dərin yalnışlıqdır. Səfəvi dövləti türkdilli Azərbaycan tayfaları - qızılbaşların səyləri ilə yaradılmışdır, XVI əsrin əvvəllərindəki hadisələrlə İran elementləri passiv rol oynayırdılar”

İ.P.Petruşevski, sovet şərqşünası,
“Azərbaycan və Ermənistanda XVI-XIX əsrin əvvəllərində
feodal münasibətlər tarixinin oçerkləri” əsərindən
sitat

* Sonralar qızılbaş adını almış tayfalar XV əsrdə ardıcıl olaraq Azərbaycan və Iranin böyük hissəsinə sahib olmuş, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan tayfalarının dil və mənşəyi baxımından qohumları idi.

N.D.Mikluxo-Maklay, Rusiya və sovet şərqşünası,
“Şiəlik və onun sosial siması” əsərindən sitat

* “Siyasi və ideoloji motivlərlə yaradılmış süni sədlər aradan qaldırılanda, həmçinin, İsmayılın əcdadlarının həyat anları öyrəniləndə, tam aydın olur ki, onlar Ərdəbil və ətraf ərazilərdə yaşamış köklü azərbaycanlılardır. Onlar Azərbaycan, türk zadəgan nəsillərinə aiddirlər. Məlumdur ki, müasirləri şeyx Səfiyə “türk oğlu”,

“türk şeyxi” deyərək müraciət edirdilər.
F.Beşər, Türkiyə tarixçisi,
“Səfəvilər”//“Böyük İslam Ensiklopediyası” əsərindən sitat

* “Sosial-iqtisadi inkişafın yüksək pilləsində dayanan Azərbaycan Zaqafqaziya və İran ərazisində XVI əsrin əvvəlində yaranmış böyük dövlətin əsasını təşkil etmişdir. Bu dövlət bir çox tayfa və xalqları özünə qatmışdır, lakin uzun müddət onun tərkibində Azərbaycan feodalları çoxluq təşkil edirdilər, ilk Səfəvilər onların hərbi gücünə arxalanırdı”.

B.N.Zaxoder, sovet-şərqşünası,
“Səfəvilər dövləti” əsərindən sitat

* “Şah İsmayıl Ərdəbildə, Azərbaycanda dünyaya gəlmiş və onun ailəsi şeyx Səfiəddin (1253-1334) tərəfindən əsası qoyulmuş Səfəviyyə dini qurumuna aid olmuşdur. Səfəvi dövlətini yaradıb, onu idarə edənlər iranlılar deyil, türklər olub və onlar uzun müddət dövlətin hakimi olaraq qaldılar. Məhz türk dilində - halbuki İsmayılın ərəb və fars dillərində danışıb və yazmaq bacarığına baxmayaraq, O, öz əsas ədəbi əsərlərini məhz türk dilində yaratmışdır; yeri gəlmişkən bu istedadlı əsərlər onu Xətai təxəllüsü ilə böyük şair kimi tanıtdı. O, türkdilli qızılbaşların arasında yaşayırdı”.

J.P.Ru, Fransa şərqşünası,
“İran və iranlıların tarixi” əsərindən sitat

* “İran tarixçiləri Şah İsmayılın haqqında türk hökmdarı kimi deyil, hansısa xüsusi şəraitə görə “türk dilində danışmağa və şeirlərini türk dilində yazmağa məcbur olmuş” iranlı kimi yazırlar. Bu ifadələr milliyyətçilik və şovinizmin bariz nümunəsidir”

O.Ə.Əfəndiyev, Azərbaycan şərqşünası,
“Müasir iran şərqşünaslığında Səfəvilərin
tarixinin bəzi məsələlərinin işıqlandırılmasına dair”
əsərindən sitat

* “Səfəvi” adı Şah İsmayılın əcdadı şeyx Səfiəddin Ərdəbilinin adından əmələ gəlmişdir. Bu təmiz türk ailəsidir”.

İ.H.Uzunçarşılı, Turkiyə şərqşünası,
“Böyük Osmanlı tarixi” əsərindən sitat

Şəkili böyütmək üçün üstünə basın

Səfəvi nəslinin ilk nümayəndələri. İsmayılın uşaqlığı

Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən (1252-1334) gəlir. Şeyx Səfiəddin Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra «Səfəviyyə» təriqətinin əsasını qoymuşdur. Şeyx Heydər dövründə onun müridləri (şagirdləri) qızılbaş adlanmağa başladı. Buna səbəb onların başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi.

1447-də təriqətin başcısı Şeyx Cüneyd Ağqoyunluların əlində olan Şərqi Anadoluya gələrək bölgədəki türk tayfalarını ətrafına toplamağa başlamışdı. Qaraqoyunlularla müharibə halında olan Ağqoyunlu hökmdarı Uzun Həsənin yanına gedən Cüneyd onun bacısı Xədicə Bəyim ilə evlənmişdi. O, ətrafına topladığı qoşunla Şirvanşahlara hücum etmiş və döyüşdə öldürülmüşdü. Cüneydin yerinə keçən oğlu Şeyx Heydər Ağqoyunlularla əlaqələri daha da möhkəmləndirmək üçün Uzun Həsənin qızı Aləmşah bəyimlə evləndi. Aləmşah anası Trabzon imperatoru IV İoann Komninin qızı Feodora idi. Şeyx Heydər də atası kimi Dağıstana hücum edir. 1483 və 1487-ci illərdə həyata keçirilən iki hücum nəticəsində o, böyük qənimətlə geri dönür. Bu qələbələr Ağqoyunlu Sultan Yaqubu 1488-ci ildə hücumu zamanı Dağıstana Süleyman bəy Bicanoğlunun komandanlığı altında qoşun göndərməsinə səbəb olur. Şirvanşah Fərrux Yasarın qoşunu ilə birləşən bu qoşun Şeyx Heydəri məğlub edir. Şeyxin özü isə öldürülür. Sultan Yaqub Şeyx Heydərin 3 oğlunu: Sultanəlini, İbrahimi və İsmayılı əsir alır. Yalnız Sultan Yaqubun vəfatıdan sonra əsirlikdən qurtulurlar. Sultanəli Səfəvi şeyxi seçilir. Ərdəbil yaxınlığında baş verən döyüşdə Sultanəli öldürülür. Qardaşı İsmayıl şeyx seçilir. Qızılbaşlar 1494-99-cu illər ərzində qızılbaşlar İsmayılı qoruya bilirlər.

1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşəndə onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi: Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar.

Şəkili böyütmək üçün üstünə basın

Səfəvilərin mənşəyi. I Şah İsmayıl

© Milli Azərbaycan Tarixi Muzeyi