• I Şah İsmayılın şəxsiyyəti

    I Şah İsmayıl

I Şah İsmayılın şəxsiyyəti

I Şah İsmayıl Xətai 1487-ci il iyulun 23-də Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyimdir.

Venetsiyadan olan bir tacir 1518-ci ildə özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: “İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir...”.

Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Müxtəlif mənbələrdə onun ayı, .ir, pələng ovlaması barəsində məlumat verilir.

Indiyə qədər dildən-dilə gəzən əfsanələrdə də şah İsmayılın qeyri-adi fiziki gücündən danışılır. XVII əsrə aid mənbədə yazılmışdır: “o, yerdə quyu qazır, qoyun gətirib, buynuzlarına qədər quyuya basdırırdı; özü ata minib qoyuna tərəf çapır, ona yaxınlaşanda atdan əyilir, qoyunun buynuzlarından yapışıb onu quyudan çıxarır, öz ətrafında üç dəfə fırlayıb qabağa elə atırdı ki, at ona çata bilmirdi; ona görə ona “qoçqapan” deyirdilər”.

Şah İsmayıl qorxaqlıq və zəifliyə qarşı olduqca emosional və qətiyyətli idi. Qorxmazlıq və mərdliyi ilə seçilən döyüşçülərə qayğı göstərirdi.

“Tarix-i aləm arayi İsmayıl” salnaməsində yazılmışdır: “O, 38 il yaşadı, 24 il hakim oldu. Onun tabeçiliyində olanlar ədalətlə idarə olunurdular. Əlahəzrət qarşısında qorxudan heç kim xalqın qarşısında qəddarlıq və yalanın qapılarını aça bilmirdi”. Əlahəzrət döyüş meydanında cəsur cəngavər idi. Bütün döyüşlərdə o, qoşunun önündə gedirdi”.

Şah İsmayıl gözəl səsə malik idi.Uda oxşar simli “Bərbət” adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Şəxsi nümunəsi ilə o, Azərbaycan türkcəsini dövlət və ədəbi dilinə çevirmişdi.

Şəkili böyütmək üçün üstünə basın

Görkəmli alimlər I Şah İsmayıl haqqında

* “I Şah İsmayılın güclü şəxsiyyəti müasirləri tərəfindən müxtəlif qiymətləndirilirdi. Lakin bütün müasirləri onun fitri hərbi istedada malik olmasını etiraf edirdilər. Müxtəlif tayfalardan ibarət böyük dövlətin yaradılması sahəsində fəaliyyəti və bacarıqlı mülki administrasiyanın təşkil edilməsi onun görkəmli siyası xadim olmasını təsdiqləyir.... Səfəvi dövlətində rəhbər siyasi rol, hər halda I Şah Abbasın islahatlarına qədər, azərbaycanlılara – qızılbaş tayfalarına məxsus idi. Onlardan feodal qoşunun əsası təşkil olunurdu; onların əmirləri torpaq fondunun böyük hissəsini öz aralarında bölürdülər; onlardan ali saray əyanları, vilayət canişinləri və sərkərdələr təyin edilirdi; sarayda və qoşunda azərbaycan dili hakim dil idi”.
İ.P.Petruşevski, sovet şərqşünas alimi

* “Əsrlərin qovşağında gənc, 13 yaşlı İsmayıl siyasi hakimiyyəti ələ keçirəndə bir çoxları hesab edirdilər ki, onun arxasında bütün operativ məsələləri həll edən əmirlər dayanır. Lakin döyüş meydanlarında qazanılan çoxsaylı uğurlar İsmayılın özünün nailiyyətidir. O, döyüşçüləri öz ideyaları ilə ruhlandırırdı. Döyüşçülər onun işlərinə hədsiz dərəcədə sadiq idilər. Eyni zamanda İsmayıl dövlətçiliyi yaratmağa başlamışdı. Şah olanda da, İsmayıl Səfəvilərin hərbi başçısı olaraq qalmışdı”.
H.R.Remer, İngiltərəli şərqşünas alim

* “XVI əsrin əvvəlində tarixi səhnədə İsmayıl kimi şəxsiyyətin meydana çıxması o qədər əlamətdar hadisələrə səbəb oldu ki, nəticədə onun hakimiyyəti Asiyanın siyasi və dini tarixində ən vacib dövrlərdən birini təşkil etdi.”
Y.V. fon Hammer, avstriyalı şərqşünas alim

* “İsmayıl öz uğuru ilə ətrafındakılara borclu olsa belə, onun vunderkind olmasını inkar etmək mümkün deyil.”
J.P.Ru, fransalı şərqşünas alim

* “İsmayılın yaratdığı dövlətin dayaqlarının möhkəm və davamlı olması sübut olunmuşdur. O, öz istedadlarını düzgün şəkildə nümayiş etdirmək bacarığına malik idi.”
X.Braun, almaniyalı tarixçi

* “İsmayıl xarizmatik xarakteri, liderlik istedadı, şəxsi şücaəti, eləcə də dövlət və siyasi idarəetmə məsələlərində xüsusi istedadı ilə seçilir.”
R.M.Seyvori, İngiltərəli şərqşünas alim,

* “Dövrün tarixindən məlumdur ki, İsmayılın tərəfdaşları əsasən türkmən və tatar tayfalarından idi. Hətta taxta çıxandan sonra belə İsmayıl İran mənşəyi və dilinə həqarətlə yanaşırdı. Osmanlı imperatorluğu və Hindistanda şirin fars dili siyasət və mədənilik dili olan dövrdə o, türk dilini rəsmi dil elan etdi. O, özü yalnız türk dilində şeirlər yaradır və bu dil Səfəvilər sarayında elə geniş yayılmışdı ki, sülalənin hakimiyyətinin sonuna qədər və hətta ondan sonra belə sarayın rəsmi dili olmaqda qalırdı.”
N.Fəlsəfi, İranlı tarixçi alim

* İsmayıl fars dilini tam inkar etməsə belə o, sözsüz, türk dilində və türklər haqqında düşünürdü. Türk tayfalarının gözlərində onlara yaxın və aydın dildə danışan və Azərbaycanda ideal bir dövlət yaradan İsmayıl ilahiləşdirilmişdir. Şah İsmayıl onu taxta çıxarmış qızılbaş tayfalarının hamısı tərəfindən qəbul olunan lideri
J.L.Bake-Qramont, Fransalı şərqşünas alim

* “İsmayılın böyük populyarlığına Səfəvi dövlətində olmuş anonim tacirin yazıları da şahidlik edir. Venetsiyalı tacir yazır ki, Şah İsmayıl öz adamaları tərəfindən Tanrı kimi sevilir. Onun döyüşçülərinin bir çoxu döyüşə yaraqsız atılırlar, çünki əmindilər ki, hökmdarları olan İsmayıl onları döyüşdə xilas edəcək. Öz hökmdarları uğrunda həlak olmağa hazır olan əsgərlər döyüşə “Şeyx!” hayqırtısı ilə atılırlar”.
O.Ə.Əfəndiyev, Azərbaycanlı tarixçi alim

I Şah İsmayılın şəxsiyyəti

© Milli Azərbaycan Tarixi Muzeyi