• Əfşarlar

    Əfşarlar

Əfşarlar

Azərbaycanın tarix və mədəniyyətində Əfşarlar xüsusi yer tuturlar.

Əfşarlar türk tayfası ilk dəfə XI əsr türk filoloqu Mahmud əl-Qaşqarinin əsərində qeyd edilmişdilər. Bu mənbə, həmçinin sonrakı dövr yazılı mənbələri əfşarları oğuzların əsasını qoymuş ilk tayfalara aid edirlər. Əfşarların Qafqazda mövcudluğu səlcuq yürüşləri dövrünə aid edilir; elə bu dövrdə onlar Azərbaycan xalqının etnogenezində əhəmiyyətli rol oynamağa başlamışlar. Təsadüfi deyil ki, əfşarlar öz dillərini “azəri” adlandırırlar.

XIV-XV əsrlərdə əfşarlar tayfaları əvvəlcə Qaraqoyunlu, sonra isə Ağqoyunlu sülaləsinin dayağı olaraq, eyni adlı Azərbaycan dövlətlərinin yaradılmasına əsaslı töhfə vermişdilər. Səfəvilər dövründə əfşarlar hakim dairələrin hərbi dayağını təşkil edən tayfa birliklərində vacib rol oynayırdılar. Təsadüfi deyil ki, məhz əfşarların nümayəndələrini istər hərbi, istərsə də mülki xarakterli vəzifələrə təyin edirdilər. Artıq bu dövrdə əfşarlar Azərbaycan türk tayfası kimi qəbul olunurdu.

I Şah Abbas, bir tərəfdən şərq sərhədlərinin müdafiəsini təşkil etmək, digər tərəfdən isə iri tayfa və onların başçılarının dövlət işlərinə müdaxiləsinin qarşısının alınması üçün əfşarların bir qismini Səfəvilər dövlətinin şərqinə köçürmüşdür.

Buna baxmayaraq, XVII əsrin sonlarına əfşarlar əvvəlki nüfuzlarını bərpa etmiş, hərbi-siyasi hadisələrdə fəal iştirak etməyə başlamışdılar. Nəticıdə məhz bu tayfanın nümayəndəsi olan Nadir xan (sonralar – şah) Əfşar XVIII əsrin ilk onilliklərində işğal edilmiş əraziləri azad etmiş, mərkəzi hakimiyyətin nüfuzunu bərpa etmiş, güclü ordu yaratmışdır. Lakin XVIII əsrin ikinci yarısında hakimiyyət uğrunda mübarizədə əfşarlar böyük itkilər vermiş, və əvvəlki güclərini bərpa edə bilməmişdilər. Sülalə yalnız Xorasan vilayətini idarə edirdi, lakin 1796-cı ildə Qacarlar bu vilayəti də onlardan aldılar.

Bunula bərabər, Azərbaycan xalqının siyasi taleyində, onun etnogenezi və mədəniyyətində böyük rol oynamış əfşarlar bu günə qədər azərbaycanlıların subetnosu kimi qalmış, əfşarların “azəri” dili isə azərbaycan dilinin dialekti hesab olunur.

Əfşarlar

© Milli Azərbaycan Tarixi Muzeyi