Şimali Azərbaycanda xanlıqlar ləğv edilir, komendant idarə üsulu yaradılırdı. Rusiyanın Azərbaycanda qurduğu müstəmləkə rejimi əhalinin bütün təbəqələrini narazı salmışdır.
Regionda özünə dayaq yaratmaq üçün Rusiya burada köçürmə siyasəti həyata keçirir, xristian dayağı yaradırdı.
1818-ci ildən başlayaraq Azərbaycana almanlar köçürülürdü. Azərbaycanda almanların ən böyük koloniyaları Yelenendorf və Annenfeld idi.
1828-ci ildən sonra İranda 40 min, Osmanlı dövlətindən 84 min erməni Azərbaycan torpaqlarına köçürülmüşdür.
1830-cu ildən başlayaraq Azərbaycana rus əhalisi köçürülməyə başlamışdır.
Azərbaycanda üsyanlar:
1830-cu il – Car-Balakən üsyanı – başçıları Şeyx Şaban və Həmzət bəy.
1831-ci il – Lənkəran üsyanı – başçı – Mir Həsən xan.
1837-ci il – Quba üsyanı – başçı – Hacı Məhəmməd
1838-ci il – Şəki üsyanı – başçı – Meşədi Məmməd
Azərbaycanda baş vermiş üsyanlar Rusiyanın çar hökumətini ölkədə islahatlar keçirməyə vadar etdi.
1840-cı il – inzibati-məhkəmə islahatına əsasən komendant üsul idarəsi ləğv olundu. Region quberniyalara, onlar isə qəzalara bölündü.
1828-1840-cı illərdə qurulmuş “erməni vilayəti” ləğv edildi. 1844-cü ildə Qafqaz canişinliyi yaradıldı. Canişin birbaşa imperatora tabe idi, böyük səlahiyyətlərə malik idi.
1846-cı il reskripti ilə ali müsəlman zümrəsinin torpaq hüquqları təsdiq edildi. 1847-ci il – “Kəndli əsasnamə”ləri kəndlilərin vergi və mükəlləfiyyətlərini müəyyən etdi.
Vəziyyət sabitləşdiriləndən sonra Rusiya Azərbaycanda mənimsəmə iqtisadi siyasətini yeritməyə başladı. Azərbaycan Rusiya iqtisadiyyatının xammal mənbəyi olmalı, burada yalnız ilkin emal müəssisələri yaradılmalı idi.
XIX əsrin 30-60-cı illərində kənd təsərrüfatında inkişaf baş verirdi. İpəkçilik və marena (qızıl boya) istehsalı sürətlə inkişaf edirdi. Bu dövrdə geniş pambıq plantasiyaları salınmışdır.
Azərbaycanda ilk manufaktura 1829-cu ildə Şəkinin Xanabad kəndində yaradılan ipək manufakturası idi. Tədricən manufakturalar əsasında zavod və fabriklər, yəni kapitalist müəssisələri yaranmağa başladı.
1870-ci il kəndli islahatı ilə kəndlilərə şəxsi azadlıq verilir, vergi və mükəlləfiyyətlər müəyyənləşdirilirdi. İslahat burjua xarakteri daşıyır, şəhərlərə çoxlu işçı qüvvəsinin axınına səbəb oldu.
1866-cı il məhkəmə islahatı ilə dairə məhkəmələri və barışıq məhkəmələri yaradılırdı.
1878-ci ildə Bakıda şəhər islahatı keçirildi, şəhər Duması təşkil olundu. Digər şəhərlərdə yalnız 90-cı illərdə tətbiq edilməyə başladı.
İslahatlardan sonra kapitalist münasibətləri bütün sahələrdə özünü biruzə verirdi.
1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğv edilməsi ilə neft sənayesinin sürətli inkişafı baş verdi. 1873-cü ildən Abşeronda neftayırma zavodlarının inşasına başlandı.
1884-cü ildə Neft Sənayeçiləri Qurultayı təşkil olundu. 1897-ci ildə Bakı-Batum neft kəməri çəkildi. Azərbaycanda hazır məhsul istehsal edən ilk müəssisə 1900-cü ildə açılmışdır – H.Z.Tağıyevin toxuculuq fabriki.
1883-cü ildə Bakı-Tiflis dəmir yolu işı salındı. 1900-cü ildə Azərbaycan dəmir yolları xətti Rusiya dəmir yolları xəttləri ilə birləşdirildi.
XIX əsrin II yarısında Azərbaycanda millətin formalaşmasına şərait yarandı: davamlı iqtisadi birlik mövcud idi; dil, ərazi, mədəni birlik mövcud idi. Bu dövrdə Azərbaycanda burjua zümrəsi meydana gəlmişdir. Muzdlu işçilərdən isə fəhlə zümrəsi formalaşırdı. Mirzə Fətəli Axundov “millət” anlayışını işlətməyə başlamış, 1883-cü ildə “Kəşkül” qəzetində “Azərbaycan milləti” ifadəsi işlədilmişdir.
Milli ziyalılar aşağıdakı istiqamətlərdə fəaliyyət göstərirdilər: xalqı maarifləndirmək; milli şüuru oyatmaq; milli dili inkişaf etdirmək.
XX əsrin əvvəllərində Bakı şəhəri dünyanın neft mərkəzi sayılırdı. 1901-ci ildə Bakı neft sənayesi dünyada 1-ci yerə çıxmışdı. Lakin Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi olaraq qalırdı.
1900-1903-cü illərdə baş vermiş iqtisadi böhran nəticəsində istehsalın təmərküzləşməsi prosesi sürətləndi. Sənaye müəssisələrinin böyük əksəriyyəti Avropa, ABŞ və Rusiya sahibkarlarına məxsus idi, yalnız pambıqtəmizləmə və balıqçılıq sənayesində Azərbaycan kapitalı üstünlük təşkil edirdi.
XX əsrin əvvəllərində Rusiya Azərbaycanda köçürmə siyasətini davam etdirirdi. Rus əhalisi Azərbaycan ərazilərinə köçürülməlkdə davam edirdi. Hökumətin keçirdiyi milli və dini ayrıseçkilik siyasəti əhalinin narazılığına səbəb olmuşdur.
Fəhlələrin mübarizə forması – nümayiş və tətillər. 1904-cü ildə baş verən tətil ümumbakı xarakterini almış, 50 min nəfəri əhatə etmiş, kapitalistlər fəhlələrin tərtib etdikləri tələbnamənin bir qismini ödəməli olmuşlar. 1904-cü il dekabrın 30-da fəhlələrlə sahibkarlar arasında müştərək müqavilə imzalanmışdır – bu Rusiya tarixində ilk kollektiv əmək müqaviləsidir (“Mazut konstitusiyası”).
Tədricən sosial ədalət tələbləri milli-azadlıq xarakteri almağa başlayır. 1875-1905-ci illər “milli oyanış mərhələsi” adlanır. 1905-1917-ci illər – milli-azadlıq hərəkatının formalaşması və təşkilatlanması mərhələsidir.
1905-1907-ci illərdə Rusiyada Birinci Rus inqilabı baş verdi, Şimali Azərbaycanda da milli-azadlıq mübarizəsi gücləndi. Azərbaycan bölgələrində qaçaq hərəkatı güclənir, şəhərlərdə fəhlələr nümayiş və tətillər keçirirdilər.
1905-ci il aprelin 15-də Azərbaycan ziyalıları və burjuaziyasının tərtib etdiyi petisiya (müsəlmanların hüquqları barəsində tələbnamə) Azərbaycanda milli-azadlıq mübarizəsinin ilk ümümmilli proqramıdır.
Mübarizəni söndürmək üçün Rusiyanın hakim dairələri milli qırğın siyasətini tətbiq etdilər. Ermənilərin Hnşak və Daşnaksutyun partiyalarına silahlanmaq, terrorçu təşkilatlar yaratmaq imkanı verildi. 1905-ci il fevralın 6-10-da Bakıda ermənilər ilk dəfə milli qırğın siyasətini tətbiq etdilər. Daha sonra eyni hadisələr Şuşa, Naxçıvan, İrəvan, Cəbrayıl və Zəngəzurda baş verdi. Azərbaycanlıların mütəşəkkil olması, yerli dəstələr təşkil etməsi, milli burjuaziyanın fəallığı sayəsində bütün milli toqquşmalar ermənilər üçün məğlubiyyətlə nəticələndi.
1905-ci ildən başlayaraq Azərbaycan ziyalıları Rusiyada müsəlmanların hüquqları uğrunda mübarizə aparan ən fəal qüvvəyə çevrilirlər. “İttifaqi-müslimin” siyasi təşkilatında əsas rolu Əlimərdan bəy Topçubaşov oynayırdı. Rusiya müsəlmanlarının qurultaylarında da Azərbaycan ziyalıları əsas rol oynayırdılar. Topçubaşov bütün Rusiya müsəlmanlarının lideri hesab olunurdu.
1902-ci ildə Məmməd Əmin Rəsulzadə “Müsəlman gənclik təşkilatı” yaratdı. 1904-cü ildə müsəlman Şərqində ilk sosial-demokrat təşkilat olan “Hümmət” təşkilatı Bakıda yaradıldı. 1905-ci ildə Gəncədə yaradılan “Qeyrət” partiyası ilk dəfə Azərbaycan üçün milli muxtariyyət tələb etmişdir.
Erməni ideologiyasına qarşı mübarizə aparmaq məqsədilə 1905-ci ildə “Difai” partiyası, 1907-ci ildə “Müdafiə” partiyası təşkil olunmuşdur. 1905-ci ilin payızında ilk dəfə olaraq Rusiyada parlament (Dövlət Duması) təşkil olundu. I Dumaya Azərbaycandan 5 nəfər deputat seçilmiş, onlardan Ə.Topçubaşıov Dumanın Müsəlman fraksiyasının sədri seçilmişdir. Rusiyada mövcud olmuş sonrakı Dövlət Dumalarında (II, III, IV Dövlət Dumaları) da azərbaycanlılar fəal rol oynayırdılar.
İran Rusiya və İngiltərənin yarımmüstəmləkəsi çevrildiyinə görə, burada 1905-1911-ci illərdə inqilab baş vermişdir. İnqilabda aparıcı rolu Cənubi Azərbaycan xadimləri oynayırdı. 1906-cı ildə Təbrizdə “Təbriz sosial-demokrat təşkilatı” yaradıldı, Azərbaycan əyalət əncuməni (yerli idarəetmə orqanı) təşkil olundu. 1907-ci ildə Tehranda İran parlamenti təşkil olundu, parlamentdə azərbaycanlı deputatlar əsas rolu oynayırdılar. Lakin 1908-ci ildə şah rejimi parlamenti buraxdı, deputatların çoxu həbs olundu. Nəticədə Təbrizdə 1908-ci ilin oktyabrında Səttarxan hərəkatı başladı. Hərbi dəstələr təşkil edən Səttarxan bütün Cənubi Azərbaycanı İran qoşunlarından təmizlədi. Yalnız 1911-ci ildə Rusiyanın hərbi qüvvəsinin köməyi ilə şah rejimi Səttarxan hərəkatını boğdu.