XVII əsrin son rübündə Səfəvilər dövlətində iqtisadi və mənəvi-ideoloji böhran mövcud idi. İpək ticarəti azalmış, maliyyə-pul sistemi dağılmaq səviyyəsinə çatmış, Şah Hüseynin (1694-1722) dövründə ölkədə pul kəsmək üçün qiymətli metallar belə yox idi. Sələmçilikdə hind tacirləri üstünlük təşkil edirdi. Avropada manufaktura və kapitalist münasibətləri yarandığı dövrdə Azəbaycanda elmi-texniki səviyyədə tənəzzül mövcud idi. Hakim zümrə dəbdəbəli həyat tərzi sürür, sadə əhali isə səfalət içində yaşayırdı. Böyük coğrafi kəşflər nəticəsində beynəlxalq ticarət yollarının istiqaməti dəyişmiş, karvan yolları deyil, dəniz yolları əsas rol oynamağa başlamışdır.
1698-1701-ci illərdə Səfəvilər dövlətində vergilər 3 dəfə artırılmışdır. Azərbaycanda 7 il quraqlıq olduğundan aclıq başlamış, nəticədə əhali silahlı üsyanlara keçmişdir.
1707-1711-ci illərdə Azərbaycanda bir sıra üsyanlar baş vermişdir.
1721-ci ildə Şirvanda güclü üsyan baş vermiş, ondan istifadə edən Dağıstan hakimi Qazıqumuxlu Surxay xan və Qubanın ruhani xadimi Hacı Davud Şirvanı ələ keçirdilər. Şamaxı şəhəri tutulan zaman buradakı rus tacirləri öldürülmüşdür.
1722-ci ildə Səfəvi dövlətinin tənəzzülündən istifadə edən gürcülər Gəncəyə hücum etdilər, əfqan tayfaları üsyan qaldıraraq paytaxt olan İsfahanı tutdular.
Səfəvi dövlətinin tənəzzülündən Rusiya və Osmanlı dövlətləri yararlanmaq istədilər.
Rusiyanın ilk imperatoru olan I Pyotr Cənubi Qafqazda möhkəmlənmək üçün gürcü və ermənilərlə danışıqlar aparırdı. Cənubi Qafqaz siyasətində Rusiya xristian əhaliyə dayaq kimi baxırdı.
1715-1718-ci illərdə Rusiyanın Səfəvi dövlətinə göndərilən Artemiy Volınskinin başçılıq etdiyi səfirlik Səfəvi dövlətinin necə dərin tənəzzül içində olmasının müəyyən edə bildi.
I Pyotr Xəzərsahili vilayətlərə yürüş etməyi planlaşdırdı.
1722-ci ilin iyun ayında Rusiya hərbi donanmasının 274 gəmisi və 100 mindən artıq quru qoşunları Xəzəryanı bölgərə yürüşə başladılar. Bəhanə - Şamaxıda rus tacirlərini öldürülmüş caniləri cəzalandırmaq. Əsas səbəb – Azərbaycan torpaqlarının, ilk növbədə Xəzərə çıxışı olan əraziləri tutmaq.
1722-ci il, avqust – Dərbənd şəhəri rus qoşunu tərəfindən tutuldu. Şəhərin alınmasında I Pyotr şəxsən iştirak etmişdir. 30 min nəfərlik gürcü-erməni qoşunu Gəncə istiqamətində yürüşə başladı, lakin müqavimətlə rastlaşıb Tiflisə döndü.
1723-cü il, iyul – general Matyuşkinin komandanlığı ilə ruslar ağır döyüş nəticəsində Bakını ələ keçirdilər.
1723-cü il, 2 sentyabr – Rusiya ilə İran arasındakı Peterburq müqaviləsinə görə Dərbənddən Gilana qədər Xəzəryanı torpaqlar Rusiyaya keçməli idi. Lakin şah II Təhmasib müqaviləni təsdiqləmədi.
1723-cü il, iyul- sentyabr – Osmanlı qoşunları Cənubi Qafqaza yürüşə başladı. Gəncə, Naxçıvan və İrəvan ağır döyüşlər nəticəsində tutuldu.
1724-cü il, 27 iyun – Rusiya ilə Osmanlı dövləti arasında İstanbul müqaviləsinə görə Xəzərboyu vilayətlər Rusiyanın, bütün Azərbaycan və bütün Gürcüstan osmanlıların təsir dairəsinə daxil edilməliydi.
1724-cü il, 10 noyabr – Osmanlı ərazisində Xəzərboyu vilayətlərə, yəni Azərbaycana ermənilərin köçürülməsi barədə I Pyotrun fərmanı imzalandı.
Şah II Təhmasib (1722-1732) Rusiya və Türkiyə tərəfindən işğal edilmiş torpaqların azad edilməsini Nadir xan Əfşara tapşırdı. İsfahan əfqanlardan, Təbriz və Ərdəbil osmanlılardan azad edildi.
1732-ci il – Səfəvi dövləti ilə Osmanlılar arasında Kirmanşah müqaviləsi imzalandı. Müqaviləyə əsasən Şamaxı, Gəncə, İrəvan və Gürcüstan osmanlılarda qalırdı. Müqavilənin imzalanması xalq arasında şahın nüfuzunu saldı.
1732-ci il - əhalinin şahdan narazılığından istifadə edən Nadir üsyan qaldırdı, II Təhmasibi devirdi, III Abbası şah elan etdi. Nadir özü şahın vəkili kimi ölkəni idarə edirdi.
1733-1735-ci illərdə Nadir xan osmanlılardan bütün Cənubi Qafqazı azad etdi. 1735-ci il Eçmiədzin döüyüşndə tam məğlub edilən osmanlılar Azərbaycana iddialarından əl çəkdilər.
1735-ci il, martın 21-də Nadir xanla Rusiya arasında imzalanan Gəncə müqaviləsinə əsasən Rusiya qoşunları bütün Xəzəryanı torpaqları, o cümlədən Bakı və Dərbəndi tərk etdilər.
1736-cı il, fevralda Muğanda keçirilən qurultayda III Abbasın devrilməsi, Səfəvilər dövlətinin ləğv edilməsi, Nadirin “Nadir şah Əfşar” adı ilə şah elan edilməsi baş verdi.
Nadir şahın Mərkəzi Asiya və Hindistan yürüşlərini təmin etmək üçün vergilər artırıldı. Qeyrimüsəlman əhalidən yığılan cizyə vergisi ləğv edildi. İran körfəzində və Xəzər dənizində hərbi donanma yaradılması istiqamətində addımlar atıldı. Vergilərin artırılması, məmurların özbaşnalığı və rəiyyətin hərbi işə cəlb edilməsi Azərbaycanın ayrı-ayrı bölgələrində üsyanlara səbəb olmuşdu.
1738-ci ildə Car və Tala bölgələrində baş vermiş üsyanda Nadir şahın qardaşı İbrahim xan öldürüldü.
1743-cü ildə Şirvanda üsyana Sam Mirzə başçılıq edirdi. Bu üsyanlar yatırıldı.
1743-cü il Şəki üsyanına Hacı Çələbi başçılıq edirdi. Bu üsyan Şəki xanlığının yaradılması ilə nəticələndi.