Azərbaycan xalqının tarix və mədəniyyətində Qacarlar xüsusi yer tuturlar.
Qacarlar türk tayfaları Azərbaycanda monqol yürüşləri dövründə qeydə alınmışdılar. Artıq XV əsrdə Qacarlar tayfa birliyi regionda ciddi siyasi qüvvəyə çevrilmiş, XVI əsrin əvvəllərində isə Səfəvilər dövlətinin bainisi I Şah İsmayıla dəstək göstərmişdir. Bu dövrdə Qacarlar azərbaycan tayfası kimi qəbul edilir və Azərbaycan xalqının etnogenezində böyük rol oynamışdılar. Qacar tayfa birliyi Səfəvilər dövlətinin Qarabağ və Çuxursəəd bəylərbəyliklərinin ərazilərində (xüsusilə İrəvan şəhəri ətrafında) güclü mövqelərə malik idi, bəylərbəyləri məhz bu nəslin nümayəndələrindən təyin olunurdu. Qacar hərbi əyanları Səfəvilər sülaləsinin dayaqlarından idi.
Mərkəzi hakimiyyəti gücləndirən və iri feodalların hakimiyyətini məhdudlaşdıran I Şah Abbas qacarları imperiyanın müxtəlif bölgələrinə, xüsusilə Xorasan və Astrabada köçürmüş, buna baxmayaraq tayfa birliyinin bir qismi Gəncə, Qarabağ və İrəvanda aparıcı mövqeləri qoruyub saxlaya bilmişdir.
Qacarların XVIII əsrin əvvəllərində hərbi-siyasi mübarizəyə fəal qatılmaları nəticəsində məhz bu birliyin nümayəndəsi olan Ağa Məhəmməd xan Qacar hakimiyyət uğrunda mübarizədə əsas rəqibi Zend sülaləsini 1785-ci ildə məğlub etdi. Bu dövrdən başlayaraq yeni sülalə olan Qacarlar sülaləsinin faktiki hakimiyyəti başlayır (halbuki rəsmi olaraq şah titulunu Ağa Məhəmməd yalnız 1796-cı ildə qəbul etdi). Ağa Məhəmməd şah Qacar tərəfindən yaradılan dövlət Qacarlar dövləti kimi qəbul edilir, bununla belə bəzi tədqiqatçılar onu Qacarlar imperiyası adlandırmağı təklif edir. Qacarlar Azərbaycan sülaləsi İranda 1925-ci ildə çevrilişə qədər hakimiyyətdə olmuşdur.
Qacarlar qonşu xalqlar tərəfindən də azərbaycan türk tayfası kimi qəbul edilirdilər. Hətta bü gün də Cənubi Azərbaycanda (İran Azərbaycanı) yaşayan azərbaycanlıları “qacarlar” adlandırırlar. Şimali Qafqaz xalqları olan qaraçaylılar, balkarlar, çeçenlər, inquşlar, kumıklar, laklar, darginlər azərbaycanlılara “qacar” deyirlər. XX əsrin əvvəllərinədək ənənəvi həyat tərzi və mədəniyyətini qoruyub saxlamış qacarlar Cənubi Azərbaycanın (İran Azərbaycanı) subetnik qrupunu təşkl edirlər.
Lakin Fətəli şah Qacarın hakimiyyəti dövründə XIX əsrin əvvəllərində sülalənin nümayəndələri özlərini Əhəməni və Sasani qədim İran dövlətlərinin hökmdarlarına oxşatmağa çalışmış, şahənşah titulunu qəbul etmiş, uzun saqqal saxlamış, uzun təntənəli geyim geymişdilər.