Azərbaycan ərazisində müxtəlif xanlıqların yaranması tarixi hadisələrin inkişafının obyektiv nəticəsi idi.
1747-ci ilin may ayında saray çevrilişi nəticəsində Nadir şah öldürüldü. Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Əgər onlardan bəzisi Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmağa başlamışdı. Xanlıqların bəzisi isə öz başlanğıcını hələ Səfəvilər dövlətinin tərkibində yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür.
Azərbaycanda müstəqil və yarımmüstəqil Qarabağ, Şəki, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, İrəvan,Talış, Təbriz, Ərdəbil, Sərab, Xoy, Urmiya, Qaradağ, Mağara, Maku xanlıqları yarandı. Bunlarla yanaşı Azərbaycanda kiçik yarımmüstəqil dövlət qurumları: Qəbələ, Ərəş, Qazax, Şəmsəddil, İlusu sultanlıqları, Car- Balakən camaatı da yarandı. Bunlardan Qarabağ, Şəki, Quba və Urmiya xanlıqları daha güclü idilər.
1747-ci ildə Fətəli xan Əfşar Urmiya xanlığının əsasını qoydu. Fətəli xan qısa müddət ərzində Cənubi Azərbaycan xanlıqlarının böyük əksəriyyətini birləşdirməyə nail oldu (Ərdəbil və Maku istisna olmaqla). Fətəli xan Azərbaycan hücum edən Kərim xan Zəndin İran qoşunlarının qarşısını ala bildi.
1763-cü ildə Kərim xan Zənd Fətəli xanı məğlub etmək üçün bir sıra Azərbaycan xanlarını ətrafında birləşdirdi. Onların köməyi ilə Fətəli xan məğlub edildi. Müttəfiq xanları məhv etmək üçün Kərim xan Zənd onları Şiraza qonaqlığa çağırdı və həbs elədi (“Şiraz qonaqlığı”).
Şimali Azərbaycan xanlıqlarını ətrafında birləşdirməyə ilk cəhd edən Hacı Çələbi xan oldu. O, Qəbələ və Ərəş sultanlıqlarını birləşdirdi, Car azad cammatlığını asılı vəziyyətə saldı. Onu məğlub etmək üçün gürcü çarı II İrakli bir sıra Azərbaycan xanlarını ətrafında birləşdirdi, lakin Qızılqaya adlı yerdə onları həbs etdi (“Qızılqaya xəyanəti”). Hacı Çələbi Gəncə yaxınlığındakı döyüşdə gürcüləri məğlub etdi, xanları azadlığa buraxdı.
Quba xanı Fətəli xan da Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə aparırdı. Dərbənd, Bakı, Salyan, Cavad xanlıqları birləşdirildi. Fətəli xan Şimal-Şərqi Azərbaycanı birləşdirməyə nail oldu. Onun guclənməsi digər xanları narahat edirdi. 1774-cü ildə onlar Dağıstan hakimləri ilə birləşərək Gavduşan döyüşündə Qubalı Fətəli xanı məğlub etdilər.
1748-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Qarabağ xanlığının əsası qoyuldu. Onun ilk paytaxtı Bayat qalası (1748), ikinci paytaxtı Şahbulaq qalası (1752), son paytaxtı Şuşa şəhəri (1757) oldu. Xanlqda “pənahabad” adlı pul kəsilirdi. Pənahəli xan “Şiraz qonaqlığında” vəfat edəndən sonra xanlığa İbrahimxəlil xan rəhbərlik edirdi. O, diplomatik vasitələrə Azərbaycanı birləşdirməyə çalışır, Rusiyanın işğalçı planlarının qarşısını almışdır.
Gəncə xanlığında hakimiyyətdə Ziyadoğulları nəsli idi. 1786-cı ildə hakimiyyətə gələn Cavad xan xanlığı gücləndirmişdir.
Gəncə xanlığında hakimiyyətdə Ziyadoğulları nəsli idi. 1786-cı ildə hakimiyyətə gələn Cavad xan xanlığı gücləndirmişdir.
Naxçıvan xanlığında kəngərli nəslinin nümayəndələri hakimiyyətdə idi. Xanlıq Kəlbəli xanın hakimiyyəti illərində güclənmişdir.
Ağa Məhəmməd xan Qacar İrandakı hərcmərcliyə son qoymuş, daha sonra isə Cənubi və Şimali Azərbaycanı öz torpaqlarına birləşdirmək istəmişdir. 1795-ci ildə o, Qarabağ xanlığına yürüş etdi. Bir sıra Azərbaycan xanları Qarabağın köməyinə gəldi, şah Tiflisi ələ keçirərək bölgəni tərk etdi. 1797-cı ildə o, 2-ci dəfə Qarabağ xanlığına hücum etdi. Bu dəfə o, Şuşanı tuta bildi, lakin öz əyanları tərəfindən öldürüldü.
XIX əsrin əvvəllərinə Cənubi Azərbaycan Qacarlar dövlətinin tərkibinə daxil edildi. Şahın oğlu şahzadə Abbas Mirzə bu əraziləri idarə edir, islahatlar keçirməyə çalışırdı.
Xanlıqlar dövründə aşağıdakı torpaq mülkiyyəti formaları var idi: dövlət torpaqları, mülklər, tiul, vəqf, ictimai torpaqlar.
Əhali iki əsas təbəqəyə- feodallar və kəndlilərə bölünürdü. Bunlardan başqa şəhərlərdə tacir və sənətkarlar yaşayırdılar. Feodal sinfinə xanlar, sultanlar, məliklər, irsi və titullu bəylər, ruhanilər daxil idilər.Onların hamısı vergi və mükəlləfiyyətlərdən azad idilər.
Digər sosial təbəqəni maaflar təşkil edirdilər. Onlar dinclik dövründə xanlığı qoruyurdular, müharibələr dövründə müharibədə iştirak edirdilər. Əhalinin əsas kütləsini rəiyyət və rəncbərlər təşkil edirdi. Rəiyyətlər aşağıdakı vergiləri verməli və mükəlləfiyyətləri daşımalı idi: malcahat, mustamır-taxıl, darğalıq, bayramlıq, töycü, mancanaq pulu, ilxıçı, vərizkil, at arpası, cizyə, otaq xərci, bağ başı, dırnaqlıq, pəncikalam, cülbaşı, peşkəş, zəkat,xüms, rüsum, cərimə, əvrəz , biyar və s.
Xanlıqda ali hakimiyyət xana məxsus idi. Bütün hərbi inzibati, qanunvericilik, icra, məhkəmə hakimiyyəti xana məxsus idi.
Şəhər idarəsinin başında kələntər dururdu. Idarə aparatına isə qalabəyi, əsasbaşı darğa və s. daxil idi. 3-cü məhkəmə orqanları var idi: divan, şəriət və əsnaf.
Hər xanlığın öz pulu, ordusu, dövlət rəmzləri var idi. Xanlıqlar mahallara bölünür, mahalları naiblər idarə edirdi. Xanlıqlarda əsas pul vahidi “abbasi” idi. Hakim zümrə xan və bəylər, kəndlilər rəiyyət, rəncbər və elatlardan ibarət idi. Xanlıqların hər birinin öz pullarının, gömrük xidmətinin, idarəetmə aparatının, vergi sisteminin olması, daxili ixtilaf və çəkişmələr ölkənin inkişafını zəiflədirdi.
Təsərrüfatın aparıcı sahələri əkinçilik və maldarlıq idi.
Şəki xanlığında təsərrüfatda ipəkçilik, Qubada – xalçaçılıq, Bakıda- neft,duz xüsusi yer tuturdu.
Xanlıqların mərkəzində sənətkarlıq və ticarət inkişaf etmişdi. Toxuculuq, misgərlik, silah, kənd təsərrüfatı və zərgərlik məhsulları hazırlanırdı. Müxtəlif təşkilatlarında əsnaflarda dəmirçilər, misgərlər, toxucular, dulusçular, boyaqçılar, gön-dəri ustaları, daşyonanlar,dülgərlər, çəkməçilər, və s. birləşmişdilər.
Ticarətin inkişafına çoxlu rüsumlar, pul vahidlərinin, çəkilərin, ölçülərin müxtəlifliyi mane olurdu. Bu göstəricilər xanlıqlarda müxtəlif idi. Natural təsərrüfat
Mədəniyyət. XVIII əsrdə Azərbaycan şəhərlərində mədəni həyatın canlanması nəzərə carpmağa başladı. Şəhərlərdə məktəblər və mədrəsələr fəaliyyət göstərirdi. Azərbaycanda elm, ədəbiyyat inkişaf edirdi. XVIII əsr Azərbaycan şairləri xalq poeziyası ruhuna yaxın üslubda əsərlər yaradırdılar. Azərbaycanın görkəmli lirik şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadinin poeziya qüdrəti ən yüksək zirvəyə catmışdı. Bununla yanaşı, Azərbaycan ədəbiyatında bir sıra maraqlı nəsr nümunələri yaradılmışdır. Onlardan “Şəhriyar haqqında dastan” və “Oğru və qarı” əsərləri ən əhəmiyyətli abidə hesab olunur. XVIII əsrdə Azərbaycanın musiqisi, rəngkarlığı və memarlığı inkişaf edirdi. Azərbaycanda musiqi xalq melodiyaları ilə zənginləşirdi. Xanəndələr qədim muğamlara və mahnılara yeni təsniflər bəstələyirdilər. Musiqi alətlərindən saz, tar, kamanca, balaban, zurna, tütək, nağara, dəf daha çox yayılmışdır. XVIII əsrdə Azərbaycan memarlarının və təsviri sənət ustalarının əllərilə yaradılan mədəniyyət abidələrinin çoxusu bizim günlərədək mühafizə edilmişdir. Şəki xanları sarayı XVIII əsrin 60-cı illərində inşa edilmiş və fasad boyu şəbəkələrlə, daxildə isə naxışlarla bəzədilmişdir. Azərbaycan rəssamları nəqqaşlıq sahəsində ən yüksək ustalığa nail olmuşlar. Onların yaratdığı naxışlar binaları, qab-qacağı, silahları və qəbirüstü daşları bəzəyirdi.