Azərbaycan xalq rəqs sənətinin yaranması və formalaşması prosesi uzun və çoxəsrli olmuşdur. Bəzi Azərbaycan xalq rəqsləri ən sevilən heyvan və ya bitki adlarını daşıyır: “ceyrani”, “lalə”, “bənövşə”, “innabi” və s. Mövzu baxımından rəqslər müxtəlifdir və əmək (“çoban rəqsi”), mərasim (toy, təqvim və s.), məişət (“mirzəi”, “turacı”), qəhrəmanlıq (“cəngi”), idman (“zorxana”), oyun (“yallı”, “halay”), köçəri (“köçəri”, “tərəkəmə”), coğrafi (“Asta Qarabağı”, “Dərdəndi” və s.), tayfa və şəxs adları (“Çağatayi”, “Cəfəri”, “Gülgəz” və s.), rəqəmli (“yüz bir”, “on dörd” və s.) rəqslərinə bölünürlər.
Rəqs musiqisi qadın rəqsləri – lirik və ya şadyanalıq-bayram, kişi rəqsləri – təntənəli (müdriklik rəqsi “mirzəi” ağsaqqal tərəfindən ifa olunur və s.), döyüşkən (“qaytağı”, “əskərani və s.) və s. bölünür.
Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir.