“Üçlər ittifaqı” və “Antanta” hərbi-siyasi blokları arasında gedən mübarizə öz miqyası və itkilərinə ğörə bəşəriyyətin o dövrki tarixində analoqu olmayan I dünya müharibəsinin başlanmasına səbəb oldu. Şimali Azərbaycanın resursları Rusiya və onun müttəfiqləri İngiltərə və Fransaya ximət edirdi. Bu ölkələrin əsas rəqibi Almaniya Azərbaycanın Rusiyadan qoparılmasında maraqlı idi. Özünün müttəfiqi olan Osmanlı imperiyasının köməyi ilə Almaniya Qafqaz və Ön Asiyanı öz təsir dairəsinə salmaq, Əfqanıstana və Hindistana yol açmağa can atırdı. Cənubi Azərbaycan isə müharibədə bitərəf olacağını bildirmiş İran Qacarlar dövlətinin tərkibində idi.
1914-cü ilin yayında müharibənin başlanması Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrində müxtəlif reaksiya doğurmuşdu. Burjuaziya, mülkədarlar və liberal ziyalılar Rusiyanın müharibəyə daxil olmasını alqışladılar – bu kütləvi çıxışlar, eləcə də rəsmi sənəd və müraciətlərdə öz əksini tapdı. Həmin illin iyulun 21-də “Milliyyət” jurnalında IV Dövlət Dumasının Müsəlman fraksiyasının imzası ilə “Rusiyanın müsəlman əhalisinə Müraciət” dərc olundu və burada “Rusiyanın şərəfi və vahidliyi naminə” hamı fədakarlığa çağırıldı.
Rusiya iqtisadiyyatı hərbi sistemə keçməyə başladı. Hərbi-sənaye komitələri yaradıldı. Cənubi Qafqazda müəssisələrin hərbiləşdirilməsi yüksək həddə çatdı. Müharibə böyük həcmdə neft tələb edirdi, Rusiyada çıxarılan neftin 80%-i Azərbaycanın payına düşürdü. Kəndlilərdən yığılan vergilər 50% artırıldı. Cəbhənin tələbatlarını ödəmək üçün əhalidən atlar və öküzlər müsadirə olundu.
Qafqaz cəbhəsinin yaranması ilə Cənubi Azərbaycanda döyüşlər başlandı, Şimali Azərbaycan isə cəbhə zonasına çevrildi. Bakıda çoxsaylı hərbi hissələr yerləşdirildi, bunun hesabına əhalinin sayı kəskin surətə artdı. Şəhər və qəzalarda hərbi hospitallar yaradıldı.
Rusiyada müsəlmanlar hərbi xidmətə çağırılmır, bunun əvəzinə xüsusi vergi ödəyirdilər. Lakin Azərbaycanın zadəgan nəsillərinin nümayəndələri hərbi məktəblərə daxil olmaq hüququna malik idi. 1914-1917-ci illərdə Rusiya ordusunda 200-ə yaxın azərbaycanlı zabit xidmət edirdi. Həmçinin azərbaycanlılardan ibarət yeganə hərbi hissə - Tatar (Azərbaycan) atlı alayı yaradılmışdı. Həmin illərdə Bakıda açılan Bakı Dəniz Aviasiyası Zabit Məktəbi Azərbaycanda yaradılan ilk hərbi məktəb oldu.