Ağqoyunlular və ya Bayandurilər Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar.
Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu imperiyasının əsasını qoyur.
Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm, incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı əsər yazdırmışdı.
Sultan Rüstəmin ölümündən sonra Ağqoyunlular daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradılar. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu. 1508-ci ildə qızılbaşlar tərəfindən İrandakı hakimiyyətlərinə də son verildikdən sonra Ağqoyunlular tamamilə süqut etdi və yerini İ Sah İsmayılın yaratdığı Səfəvi dövlətinə verdi.