XV əsrdə oğuz tayfaları olan Qaraqoyunlu və Ağqoyunlular XIII əsrdən Anadolu ərazisində yaşayırdılar. Qaraqoyunlular Van gölünün şimalında Ərciş, Ağqoyunlular isə Diyarbəkir tərəflərdə daha çox məskunlaşmışdılar. Onları türkman da adlandırırdılar. Azərbaycan dilinin cənub ləhcəsində danışırdılar. Qaraqoyunlu və Ağqoyunlu tayfalarına məxsus qəbir daşları totem sayılan qoç heykəlləri formasında hazırlanırdı. Bu cür qəbir daşları Azərbaycanın bütün bölgələrində geniş yayılmışdır. “Dədə Qorqud” dastanında Qaraqoyunlu və Ağqoyunlu tayfalarının izi aydın hiss edilir.
Qaraqoyunlu dövləti (1410-1467). Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmış, nəhayət Qara Yusifin başçılığı ilə Azərbaycan Qaraqoyunlu dövlətini yaratmışlar. Qara Yusif Teymurilər və Cəlairilərlə mübarizədə paytaxtı Təbriz olan güclü dövlət yaratmağa müvəffəq oldu. Bu dövlətə Azərbaycandan başqa Şərqi Anadolu, Şərqi Gürcüstan, ərəb və fars İraqı və b. daxil idi. Qaraqoyunlu dövləti Qara Yusifin oğlu Cahanşahın dövründə daha da gücləndi. Azərbaycan tarixində görkəmli dövlət xadimi, diplomat, sərkərdə və şair kimi tanınmış Cahanşah Azərbaycan ədəbiyyatı tarixinə "Həqiqi" təxəllüsü ilə daxil olmuşdur. O, Həsən bəy Bayandur Ağqoyunlu tərəfındən məğlub olunur və Qaraqoyunlu dövləti süqut edir.
Ağqoyunlu dövləti (1468-1501). XV əsrin II yarısında Azərbaycan İranın və Kiçik Asiyanın həmsərhəd vilayətləri ilə paytaxtı Təbrizdə olan Ağqoyunlu dövlətinin (1467-1501) tərkibinə daxil oldu. Bu dövlətin görkəmli hökmdarı Azərbaycanın tanınmış dövlət xadimi və siyasətçisi Uzun Həsən olmuşdur. Onun hakimiyyəti dövründə Azərbaycanın Avropa ölkələri ilə siyasi əlaqələri əhəmiyyətli dərəcədə genişlənir. Azərbaycan ilk dəfə olaraq Avropa və dünya siyasəti sferasına daxil oldu, onun nüfuzu ilə həm Şərqdə həm də Qərbdə hesablaşmağa başladılar. Italiya, Macarıstan, Avstriya, Polşa və b. dövlətlərin hökmdarları Uzun Həsənlə diplomatik əlaqələr qurdular. O, Şirvanşah Fərrux Yasar və Ərdəbil şeyxləri – Səfəvilərlə ittifaqa girdi, onları ümumi Azərbaycan maraqları zəminində birləşdirdi.